AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Qadınlar Şurası “15 May - Beynəlxalq Ailə Günü” münasibətilə “Şəhid ailələri sevgi mücəssəməsidir” adlı tədbir keçirib. Tədbiri giriş sözü ilə açan Milli Azərbaycan Tarixi Muzeyinin Qadınlar Şurasının sədri Nərgiz Əliyeva “15 May Ailə Günü”nün mahiyyəti haqqında danışaraq ölkəmizdə ailə institutunun hər zaman önəmli sayıldığını, cəmiyyətimizin ən müqəddəs təməl daşı hesab olunduğunu qeyd etdi. N.Əliyeva Azərbaycan ailəsi və onun problemlərini həmişə diqqətdə saxlayan Ulu öndər Heydər Əliyev tərəfindən ilk dəfə təməli qoyulmuş və Cənab Prezident İlham Əliyevin imzaladığı sərəncamla yaradılan “Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi” haqqında söhbət açaraq, onun ölkəmizdə mövcud ailə problemləri üzərində işləyən və dövlətimizin ailə siyasətini həyata keçirən vacib bir qurum olduğunu vurğuladı. Həmçinin qeyd etdi ki, milli dəyərlərin bərqərar olması şəhid ailələri qismində də özünü aydın şəkildə biruzə verir. 44 günlük vətən müharibəsi də şəhid ailəsi milli dəyərləri və vətənpərvərlik hisslərini yüksək səviyyədə saxladığını bir daha sübut etdi.
Daha sonra Qadınlar Şurasının sədr müavini E.Rəhimovanın muzey əməkdaşlarının şəhid ailəsindən şəhidlərə aid materialları toplayarkən əlaqələrinin necə qurulduğundan, şəhid ailələri ilə birlikdə yaşadıqları həssas məqamlardan danışdı. Elmi Kütləvi iş və təhsil şöbəsinin elmi işçisi S.Ələkbərova “Gənc muzeyşünaslar və muzeysevərlər klubu”nun reallaşdırdığı “Tarix yazan qəhrəmanlar” layihəsi çərçivəsində şəhid ailələri ilə keçirilən gorüşlərdən söhbət açdı.
Daha sonra Etnoqrafiya elmi fond şöbəsinin elmi işçisi A.Quliyevanın “Şəhid ölməz, Vətən bölünməz”, Etnoqrafiya elmi fond şöbəsinin kiçik elmi işçisi N.Qarayevanın “Müharibə dövründə şəhid ailəsi” mövzularındakı məruzələri maraqla qarşılandı.
Tədbirin sonunda Muzeyin Qadınlar Şurasının üzvü R.İsmayılova Muzeydə təşkil olunacaq “Anadır arzulara hər zaman Qarabağ” adlı səgidə yer alan şəhidlərin materialları toplanarkən görüşdüyü şəhid ailələri haqqında məlumat verdi.