2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə və 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 05 yanvar 2021-ci il tarixli Sərəncamına uyğun olaraq AMEA Milli Azərbaycan Tarixi Muzeyi mütəmadi tədbir və mühazirələr keçirir. Növbəti belə tədbir "Nizami Gəncəvi yaradıcılığında sufizm və maarifçiliyə baxış" mövzusunda Zoom platforması üzərindən onlayn baş tutub. Tədbirdə Gəncə Gənclər evi, Şəmkir Gənclər evi, Gənclərin inkişafı və karyera mərkəzinin Şəki nümayəndəliyi iştirak ediblər.
Tədbir Muzeyin əməkdaşı Kübra Dadaşovanın aparıcılığı ilə baş tutub. Muzeyin Elmi-kütləvi iş və təhsil şöbəsinin müdiri Fəridə Şəmsi tədbiri giriş sözü ilə açıb.
Daha sonra Muzeyin əməkdaşı, t.ü.f.d. Əli Fərhadov "Nizami Gəncəvi yaradıcılığında sufizm və maarifçiliyə baxış" adlı məruzə ilə çıxış edib. Ə.Fərhadov öz məruzəsində qeyd edib ki, Nizami sadəcə islamı təbliğ etməklə qalmamış, onu ən gözəl şəkildə, fəlsəfi, elmi, bədii şəkildə tərənnüm etmiş, eyni zamanda mənsub olduğu sufizm - əxilik aləminin də təsirilə möhtəşəm fikirlər ortaya qoymuşdur.
Daha sonra tədbir iştirakçıları Muzeyin Arxeologiya elmi-fond şöbəsinin müdiri, t.ü.f.d. Nasir Quluzadənin "Nizami Gəncəvinin zoolatrik təsəvvürləri və onların arxeoloji keramikada paralelləri" mövzusunda video-çarxı izləyiblər. Təqdim olunan video-çarxda müəllif mövzuya uyğun olaraq Nizami Gəncəvi yaradıcılığında rast gəlinən zoolatrik təsəvvürlərlə 1938-1940-cı illərdə böyük şairin vətənindən - Qədim Gəncə şəhər yerindən tapılmış arxeoloji keramika üzərindəki zoomorf təsvirlər arasında müəyyən paralellər aparıb.
Tədbirin sonunda mövzu ilə bağlı sualllar ətrafında müzakirələr aparılmışdır.