Müstəqil Azərbaycanımızın qazandığı uğurlarda igid oğlanlarımız ilə yanaşı qadınlarımızın da xidmətləri əvəzsidir. Muzeyin Qadınlar Şurasının üzvləri vətən müharibəsinin yeganə qadın şəhidi Arəstə Baxışovanın ailəsi ilə görüşmüş, qəbrini ziyarət etmişlər. A.Baxışova 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı yaralı hərbçiləri döyüş meydanından çıxarıb.
A.Baxışova oktyabrın 23-də Qubadlı döyüşləri zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Arəstə Baxışova ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. Ailəli olan Arəstə Baxışovanın Mərdan adlı oğlu, Zəhra adında qızı ondan yadigar qalıb.
Ziyarət zamanı Qadınlar Şurasının sədri Nərgiz Əliyeva vurğuladı ki, Arəstə Baxışova öz şücaəti ilə sübut etdi ki, Azərbaycan xanımı incə və zərif həyatı ilə yanaşı hərb sahəsində də uğur qazanaraq, yeri gələndə qəhrəman oğullarımızla yanaşı dayana bilmişdir. Nərgiz xanım belə bir qəhrəman övlad böyütdüyünə görə şəhidimizin anası Məktubə xanıma təşəkkürünü bildirdi. Şəhidimizin anası ailənin problemlərinin həllinə və nəvələrinin təhsilinə göstərilən xüsusi diqqət və qayğıya görə ölkə başçısı Cənab İlham Əliyevə və eyni zamanda aidiyyatı qurumlara ailəsi adından öz təşəkkürünü bildirdi. Daha sonra Şura üzvləri Muzeyin əməkdaşları adından ailəyə ərzaq yardımı təqdim edərək, şəhidimizin məzarını ziyarət etdilər.
Təltifi
(15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)