Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 18 may tarixli Sərəncamı ilə hər il 2 iyun mülki aviasiya işçilərinin peşə bayramı kimi qeyd olunur. Bayramın məhz iyunun 2-də keçirilməsi isə Azərbaycanda ilk aviasiya qrupunun həmin gün yaradılması ilə əlaqədardır.
Azərbaycanda ilk mülki hava reysi 1921-ci ildə poçt-sərnişin təyyarəsində həyata keçirilmişdir. Lakin hələ 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündən başlayaraq aviasiya sahəsində bir sıra işlər görülmüşdür. Azərbaycan mülki aviasiyasında ilk dəfə 1923-cü il avqustun 8-də “Yunkers” təyyarəsi ilə sərnişin daşınmaları həyata keçirilmişdir. Ölkəmizdə ilk hava limanı 1931-ci ildə Binə qəsəbəsinin yaxınlığında tikilmiş və 2 ildən sonra istifadəyə verilmişdir.
Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli Mənbələr fondunda ilk azərbaycanlı mühəndis-pilotlarından biri Əli bəy Verdiyevə məxsus materiallar qorunur. Əli bəy Verdiyev 1891-ci il yanvarın 1-də Yelizavetpol şəhərində (indiki Gəncə) anadan olub. Ə.Verdiyev Yelizavetpol gimnaziyasını bitirdikdən sonra, Qori müəllimlər seminariyasına daxil olub. 1910-cu ildə Əli bəy Verdiyev Parisə yola düşüb. Burada o, Fransa Politexnik Məktəbinin mühəndis-mexanik fakültəsində avia və avtonəqliyyat vasitələrinin təmiri ixtisası üzrə təhsil alıb.
Ə.Verdiyev Fransanın müxtəlif hava nəqliyyatı müəssisələrinin əməkdaşı olduğu zaman aviasiya ilə maraqlanmağa başlayıb. Birinci Dünya Müharibəsi illərində mühəndis-mexanik işləmişdir. Əli bəy Verdiyev 1916-cı ildə Fransanın aviapilotaj məktəbində hazırlıq kursu keçmişdir. Beynəlxalq Aeronavtika Federasiyasının Paris bölməsi tərəfindən verilən aviasiya patentinə əsasən, Əli bəy Verdiyev 1916-cı il iyunun 22-də “pilot-aviator” normativlərini tam yerinə yetirərək bu ada layiq görülmüşdür.
Əli bəy Verdiyev məzunu olduğu məktəbdə qalmış və buradakı rus kursantlarına uçuş dərsləri vermişdir. Verdiyev paralel olaraq təlimçi kimi yeni konstruksiyalı təyyarələrin sınaq uçuşlarında iştirak edir və həmçinin mühəndis-mexanik kimi təyyarələrin sazlığına nəzarət edirdi. 1918-ci ildə Əli bəy Verdiyev öz müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyətinə qayıdıb.
Ə.Verdiyev Bakı şəhərində mühəndis-mexanik kimi əmək fəaliyyətini davam etdirib. 1920-ci ildə ölkədə sovet hakimiyyəti qurulub. Həmin dövrdə yeni hakimiyyətə təzə mütəxəssislər lazım idi, Ə.Verdiyev də bu mütəxəssislərdən biri idi. O, 1923-cü ildə toxuculuq sənayesi üçün dəzgahlar alınması məqsədilə Lion şəhərinə ezam olunub. Əli bəy Verdiyev Böyük Vətən müharibəsi illərində Azərbaycan Sovet Sosialist Respublikasının Dövlət Plan Komitəsində işləyib. Verdiyev 1953-cü ildən 1957-ci ilədək Dövlət Plan Komitəsinin material balanslar şöbəsində böyük mühəndis vəzifəsində çalışıb. 1957-ci ildə təqaüdə çıxıb. Buna baxmayaraq, o, öz köhnə kollektivi ilə işləməyə davam edirdi. Əli bəy Verdiyevin bəzi materialları ölümündən sonra Milli Azərbaycan Tarixi Muzeyinə təhvil verilib.
Qeyd edək ki, Fransız dilində çap olunan “İrs-Miras” beynəlxalq jurnalında (“İrs- Heritage”, 3 (5), 2014, s.30-31) Muzeyin əməkdaşı t.ü.f.d. Məmməd Məmmədovun Əli Verdiyevin həyat və fəaliyyəti ilə bağlı “Parisdə aviasiya məktəbində təhsil alan azərbaycanlı pilot” adlı məqaləsi dərc olunub. Məqalədə onun həyatından və Azərbaycan xalqı qarşısında olan xitmətləri haqqında məlumat verilir.
Məqalənin tam mətni ilə keçiddə tanış olmaq olar.