AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya elmi fond şöbəsinin elmi işçisi, t.ü.f.d. Laçın Mustafayev 16 – 25 may 2021-ci il tarixlərində Quba və Xaçmaz rayonunda toplama xarakterli ezamiyyət səfərində olmuşdur.
Ezamiyyət səfərinin əsas məqsədi Quba və Xaçmaz rayonları ərazisində e.ə. I minilliyin ilk rübünə, eyni zamanda antik və erkən orta əsrlərə aid məlum olan abidələr haqqında məlumat toplamaq və bu bölgələrdən aidiyyatı dövrlərə aid maddi mədəniyyət nümunələri toplayaraq, gələcəkdə arxeoloji tədqiqatlar aparılması üçün yeni abidələrin müəyyən edilərək təyin edilməsi idi.
Ezamiyyət səfəri zamanı Quba rayonunun Ağbil kəndindəki kurqanlara, orta əsrlərə aid 4 guşəli Şeyx Murad, 8 guşəli Şeyx Bəzyəddin türbələrinə, kənd ərazisindəki İlanlıtəpə və Şistəpə adlı ərazilərə baxış keçirilmiş, bir sıra keramika fraqmentləri toplanmışdır. Eyni zamanda Quba rayonunun Rustov kənd İƏD daxil olan bir neçə kənd ərazisində kəşfiyyat xarakterli səfərlər edilmişdir. Rustov kəndi ərazisində antik dövrə aid olan yerüstü materiallar, Püstəqasım kəndi ərazisindəki Şuqna təpəsi və kəndin girəcəyindəki torpaq karxanasından saxsı qablar toplanmışdır. Rustov ərazisindəki Ələmu qalasına, eyni zamanda Qalagah kəndindəki Qalagah qalasına səfər edilmiş, bir sıra keramika nümunələri və fraqmentləri, dəmir ox ucluqları əldə edilmişdir. Quba rayonunun Xanagah və Zıxır kəndlərinə də kəşfiyyat xarakterli səfərlər edilmişdir. Bu kəndlərdə olan bir sıra orta əsrlərə aid abidələr haqqında məlumatlar toplanmışdır.
Ezamiyyət səfəri çərçivəsində Xaçmaz rayonunun Canaxır kəndindəki Canaxır təpələri adlı abidəyə baxış keçirilmiş, bir sıra antik və erkən orta əsrlərə aid keramika fraqmentləri, bu nadir abidəyə aid məlumatlar toplanmışdır. Xaçmaz rayonunun Mehrəli Qışlaq kəndinin Muxtar Osmanov adına ümumorta məktəbində qorunan təsadüfi arxeoloji materiallar (saxsı qablar, numizmatik materiallar və s.) yerindəcə araşdırılmış nümunələrin ümumi və dövrü təyinatı, aşkar edildikləri ərazilər, məişət və təsərrüfat xarakterli olması müəyyən edilmiş, fotoları çəkilmişdir.
Ezamiyyət səfəri zamanı toplanılan materiallar:
- 1 (bir) ədəd iri ölçülü, tək qulplu, ağzı əyməli saxsı su qabı (Püstəqasım kəndi)
- 1 (bir) ədəd orta ölçülü, tək qulplu, ağzı əyməli saxsı su qabı (Rustov-Qalagah kəndi)
- 1 (bir) ədəd kiçik ölçülü, tək qulplu, saxsı qab (Ağzı və qulpu sınmışdır), (Rustov-Qalagah kəndi)
- 1 (bir) ədəd orta ölçülü, tək qulplu saxsı su qabı (Püstəqasım kəndi)
- 4 (dörd) ədəd dəmir ox ucluğu (Rustov kəndi)
Qeyd edək ki, iki ədəd saxsı qab Rustov kənd Məckəxacə tam orta məktəbinin direktoru Faiq Bayramov tərəfindən Muzey əməkdaşına təhvil verilmişdir.