XƏBƏRLƏR
XƏBƏRLƏR -
Mühüm hadisələr
07 İyun, 2021
Muzeydə “Həyat” qəzetinin atlas parça üzərində çap olunmuş ilk sayı qorunur

Ötən yüzilin əvvəllərində- 1905-ci il iyunun 7-də Azərbaycanda işıq üzü görən “Həyat” qəzeti mətbuat tariximizdə özünəməxsus cəhətləri ilə qalıb.

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli Mənbələr fondunda (İnv.515/1)  atlas parça üzərində çap edilmiş “Həyat” qəzetinin ilk sayı (üzərində 7 iyun 1905-ci il tarixi qeyd olunub) və Hacı Zeynalabdin Tağıyevin mətbəəsində açıq qəhvəyi ipək parçası üzərində çap edilmiş 89-cu sayı (İnv. 539/1) qorunur (4 səhifə. h. 1324, m. 24 aprel 1906).

1905-ci ildə çıxan ilk sayında "Həyat" öz ideya istiqamətlərini, məqsədlərini oxucuya daha dolğun çatdırmaq üçün “millət məslələrinə”, ana dilinin inkişafı və maarifçiliyə dair problemlərə toxunurdu.

“Həyat” qəzetinin təməlini quranlar milli ictimai-siyasi fikrinin üç nəhəngi- Əlimərdan bəy Topçubaşov (naşir), Əhməd bəy Ağaoğlu (redaktor) və Əli bəy Hüseynzadə (redaktor) idi. Qəzetin nəşrini isə azərbaycanlı milyonçu, mesenat Hacı Zeynalabdin Tağıyev mailiyyələşdirirdi.

"Həyat"ın ilk sayında dərc olunan "Qəzetimizin məsləki" sərlövhəli məqalədə mətbuatın xalqın həyatında, cəmiyyətin inkişafında önəmi vurğulanırdı. Baş məqalədə göstərilirdi ki, Qərb ölkələrində, hətta əhalisi 4-5 milyon nəfər olan ölkələrdə 300-400 qəzet buraxılır. Mədəni millətlər qəzeti "bəşəri ehtiyacların ən zərurilərindən" sayırlar. Həmin ölkələrdə insanlar qəzet oxumağa öyrəniblər, çaysız-çörəksiz dolana bilmədikləri kimi, qəzetsiz də keçinə bilmirlər. Mətbuatın cəmiyyətin inkişafında, xalqın maariflənməsi və tərəqqisindəki rolu məqalədə belə qiymətləndirilirdi: "İnsan üçün munis bir yoldaş, xeyirxah bir müəllim, nafiz bir məktəbdir, həm də zillətdə qalanlara doğru yolu, hidayət yolunu göstərir".

Qeyd edək ki, Qəzet Azərbaycan türkcəsində nəşr olunurdu və nəşrinin ilk sayından sonra "Həyat"ın dili müzakirə obyektinə çevrildi və bu açıq-aşkar polemikalara gətirib çıxardı. “Həyat” qəzeti nəşr olunan ilk gündən Azərbaycan ziyalılarının günün aktual mövzularına dair çıxış etdiyi tribunaya çevrildi. Eyni zamanda Bakıda Azərbaycan türkcəsində qəzetin çıxması ermənilərin kəskin reaksiyasına səbəb olmuşdur.

“Həyat”ın ana dilində nəşr olunması qəzeti Azərbaycan cəmiyyətində olduqca populyar etmişdi.