XƏBƏRLƏR
XƏBƏRLƏR -
Mühüm hadisələr
10 İyun, 2021
ADA Universiteti tərəfindən Muzeyə “Azərbaycan” qəzetinin (1918-1920) transliterasiya olunmuş xüsusi buraxılışı təqdim edilib

ADA Universitetinin təşəbbüsü və dəstəyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin orqanı olan və müstəqillik tariximizi əks etdirən “Azərbaycan” qəzetinin (1918-1920) tam kolleksiyası ərəb qrafikalı əlifbadan latın qrafikalı müasir Azərbaycan əlifbasına köçürülərək, lüğət, izahlar, şərhlər və adlar göstəricisi əlavə edilməklə ayrıca kitab şəklində nəşr olunmuşdur.

26 may 2021-ci il tarixində Muzeyə “Azərbaycan” qəzetinin (1918-1920) transliterasiya olunmuş xüsusi buraxılışı təqdim edilmişdir. Nəşrin ön sözünün müəllifi ADA Universitetinin rektoru, professor Hafiz Paşayev, qəzet mətnlərini transliterasiya edənlər filologiya üzrə fəlsəfə doktoru Mehdi Gəncəli və filoloq, tərcüməçi Azad Ağa oğludur.

Qeyd  edək ki, transliterasiya əsasında qəzetin dili və imla xüsusiyyətləri qorunmuş, qəzetin orijinal tərtibatına riayət edilmişdir.

Təqdim etmə zamanı ADA Universitetinin bu missiyanı üzərinə götürməkdən və Azərbaycan xalqının tarixi mirasını gələcək nəsillərə ötürməkdən qürur duyduğu qeyd edildi. Muzey rəhbərliyi nəfis tərtibatlı nəşri Muzeyə hədiyyə etdiyinə görə ADA Universiteti rəhbərliyinə öz təşəkkürünü bildirdi və bu materialın həmin dövr üçün Azərbaycan tarixinə dair elmi tədqiqatların aparılması əhəmiyyətini xüsusi vurğuladı.

Təqdim olunmuş material Muzeyin Sənədli Mənbələr fonduna təhvil verilir.