Milli Azərbaycan Tarixi Muzeyində II Vətən müharibəsinin iştirakçısı, şəhid Elvin İslamovun anım mərasimi keçirilib.
2021-ci ilin yanvar ayından "Anadır arzulara hər zaman Qarabağ" sərgisi üçün toplanan 2000 materialın içərisində bu igid kəşfiyyatçımızın da şəxsi əşyaları yer alıb. Vətən müharibəsi iştirakçılarına həsr olunmuş bu sərgi may ayının 19-da açılıb və mütamadi olaraq şəhid və qazi ailələri bu sərgiyə dəvət olunub, tədbirlər təşkil edilib. Növbəti tədbirlərdən biri də şəhid Elvin İslamovun anım mərasimidir. Bu tədbirdə şəhid ailələri, qazi dostları, şəhidimizə həsr olunmuş şer və kitab müəllifləri, eləcə də KİV nümayəndələri iştirak edib.
Tədbiri giriş sözü ilə Muzeyin Elmi-kütləvi iş və təhsil şöbəsinin müdiri Fəridə Şəmsi açıb, Muzeyin baş direktoru, akademik Nailə Vəlixanlının adından hər kəsi salamlayıb. Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsinə olan hərtərəfli qatqısı haqda məlumat verib.
Tədbirdə qəhrəman kəşfiyyatçımızın atası, I Qarabağ müharibəsinin veteranı Elçin Islamov, dostu Mehrab Şahvələdli, şəhid Hacıyev Feyruz və şəhid Nəcəfov Yusifin valideynləri, qazi, döyüş yoldaşları Kamran Qəmbərov və Orxan Zamani, şer və kitab müəllifləri Rövşən Fəttahov ilə Vaqif Əziz iştirak ediblər.
Tədbirdə şəhidə həsr olunmuş video-çarx və slaydlar nümayiş edildi.
Rəsmi hissədən sonra iştirakçılar sərgi ilə tanış oldular və Muzeyimizin fədakar əməkdaşlarının əməyini yüksək qiymətləndirdilər.
Qeyd edək ki, tədbir zamanı pandemiya şəraitində zəruri olan bütün qaydalar gözlənilib.