Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının sosial inkişafı sahəsində tibb işçilərinin böyük xidmətlərini və Azərbaycan Xalq Cümhuriyyətinin ilk Səhiyyə Nazirliyinin 1918-ci il iyunun 17-də yaradılmasını nəzərə alınaraq hər il iyunun 17-i Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli Mənbələr fondunda tibb tarixinə dair xeyli material qorunub saxlanılır. Bu sənədlərin bir qismini təqdim etmək istərdik.
Söhbət Azərbaycanın tanınmış tibb işçilərinin müxtəlif zamanlarda fəaliyyətini əks etdirən dörd fotoşəkildən (inv. №554/1, 7, 9, 12) gedir.
Bu şəkillər arasında 1893-cü ildə Tiflis gimnaziyasında dərs alan tanınmış cərrah Bahadır Qayıbovu, 1912-ci ildə Xarkovda təhsil alan azərbaycanlı tələbələr arasında Mirəsədulla Mirqasımovu (sonradan Azərbaycan EA-nın ilk prezidenti seçilmişdir), 1927-ci ildə Şamaxıda açılan tibb bacıları kurslarının tələbələrini, ötən əsrin 20-ci illərində Lerikdə dosent Əlisəttar Sultanovun rəhbərliyi ilə çöldə qurulan səyyar tibb məntəqəsinin işçilərini görmək olar.