AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Kitabxanasında, xüsusən “Nadir kitablar fondu”nda elmin bir çox sahələrinə aid nadir kitablar mühafizə olunur. Dəyərli kitablardan biri də fars dilinin qrammatikasına aid yazılmış "Краткая грамматика персидского языка" (Fars dilinin qısa qrammatikası) adlanır.
Əsərin müəllifi xalqımızın ictimai-siyasi və mədəni inkişafı tarixində özünəməxsus yеr tutan böyük mütəfəkkir Abbasqulu ağa Bakıxanovdur. Kitab 1841-ci ildə Tiflisdə nəşr olunub və 97 səhifədir. Əsər fars dilindən rus dilinə müəllifin özü tərəfindən tərcümə olunmuşdur. Kitab “Hərflər”, “Kəlmələr” və “Cümlə” adlanan üç fəsildən ibarətdir. Birinci hissədə fars dilində olan 32 hərf və onların yazılışı, tələffüzü, ifadə etdiyi səslər haqqında məlumat verilir. Əsərin ikinci fəslində nitq hissələrinin bölgüsü, üçüncü fəslində isə cümlə quruluşu və fars dilində işlənən ərəb sözlərinin izahı vеrilmişdir. Kitab fars dilinin qrammatikasını öyrənmək istəyənlər və klassik irsimizin tədqiqatçıları üçün dəyərli mənbədir.
Qeyd edək ki, bu kitab Milli Azərbaycan Tarixi Muzeyinin “Nadir kitablar fondunun biblioqrafik göstəricisi” (I cild,1728-1968) adlı kataloqda yer alıb.
Əlavə olaraq qeyd edə ki, Muzeyin Kitabxanasında Abbasqulu ağa Bakıxanov dövrünü tədqiq etmək baxımından əhəmiyyətli sayılan bir sıra (İnv. A 17883, A 296, A 29843, A 238) kitablar qorunur.
Həmçinin Muzeyin Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri, t.ü.f.d. Səbuhi Əhmədov vaxtilə CBC televiziya kanalında "Azərbaycanlılar Rusiya tarixində” (“Азербайджанцы в истории России”) silsiləsindən “Bakıxanovlar. Şöhrətin salnaməsi” (“Бакихановы. Летопись славы”) adlı sənədli filmində iştirak etmişdir.
Film qardaşlar, Rusiya imperator ordusunun polkovniki, tarixçi alim Abbasqulu ağa Bakıxanov və həmin ordunun general-leytenantı Cəfərqulu ağa Bakıxanov haqqındadır.