Milli Azərbaycan Tarixi Muzeyi Sənədli mənbələrin elmi fond şöbəsində "Vışka" qəzetinin 222-ci (2133) sayının əlavəsi (İnv. 370/1) qorunur.
Qeyd edək ki, "Vışka" qəzetinin bu xüsusi buraxılışı İran şairi Firdovsinin anadan olmasının 1000 illiyinə həsr olunmuşdur.
Dörd səhifədən ibarət qəzet ipək parça üzərində çap olunmuşdur. Qəzetin 1-ci səhifəsində Rusiya heykəltaraşı İ.P.Gendelmanın yaratdığı Firdovsi büstünün Azərbaycan Dövlət Muzeyində nümayişi zamanı çəkilən fotoşəkili dərc edilmişdir.
İkinci və üçüncü səhifələrində ədəbiyyatşünas, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuş (1934), professor Vəli Xuluflunun şair Firdovsi haqqında və onun şah əsəri "Şahnamə" poeması haqqında məqaləsi yerləşdirilib. V.Xuluflu əsərin Azərbaycan haqqında mifoloji xarakter daşıdığını vurğulayıb. Əsərdə Firdovsi adı çəkilən Dərbənd divarının Makedoniyalı İsgəndər tərəfindən tikildiyini qeyd edir. Ancaq Xuluflu qeyd edir ki, həmin Dərbənd divarı Sasanilər tərəfindən tikilib. Həmçinin V.Xuluflu Firdovsinin əsərdə Cənubi Azərbaycanda qadınlar tərəfindən idarə olunan bir dövlətin olduğunu da vurğulamışdır. Qeyd edək ki, Vəli Xuluflu 1937-ci ildə repressiya qurbanı olmuşdur.
Qəzetdə "Şahnamə" poeması üçün çəkilmiş rəngli illüstrasiyalar yerləşdirilmişdir.
Qəzetin 222-ci sayı 29 sentyabr 1934-cü ildə Bakının "İnternasional" mətbəəsində çap edilmişdir.
Qeyd edirik ki, bu eksponat elmi tədqiqat baxımından əhəmiyyətli hesab edilə bilər.