XƏBƏRLƏR
XƏBƏRLƏR -
Mühüm hadisələr
09 İyul, 2021
Muzeydə AXC Xarici İşlər Nazirliyinə başçılıq etmiş ictimai və dövlət xadimlərinin foto-neqativləri qorunur

Bu gün Azərbaycan Respublikasında diplomatik xidmətin 102 illiyi qeyd edilir. Müsəlman Şərqində ilk demokratik respublikanın yaradılmasında və müasir dövrdə müstəqil Azərbaycan dövlətinin qurulması prosesində milli diplomatiyanın rolunu nəzərə alaraq və 1919-cu il iyul ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin Katibliyinə dair müvəqqəti təlimatın qəbul edildiyini əsas tutaraq 2007-ci il avqustun 24-də Prezident İlham Əliyev hər il iyulun 9-nun Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd edilməsi haqqında Sərəncam imzalamışdır.

Diplomatiya gününün müəyyən olunması ilə bağlı bir neçə təkliflər nəzərdən keçirilmişdir, o cümlədən Azərbaycan Xalq Cümhuriyyətinin xarici dövlətlə imzaladığı ilk müqaviləsi - Osmanlı Türkiyəsi ilə bağlanan müqavilə günü, Paris Sülh Konfransında Antanta dövlətləri tərəfindən Azərbaycanın müstəqilliyinin de-fakto tanındığı gün və s. Lakin nəticədə qərara alınmışdır: "Arxivlərdən Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər Nazirliyinə aid tapılmış ilk rəsmi sənəd 1919-cu il 9 iyul tarixli Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin Katibliyinə dair müvəqqəti təlimat olduğundan məhz bu tarix diplomatiya gününün əsasını təşkil etsin".

Azərbaycan Xalq Cümhuriyyəti yarandığı ilk gündən Xarici İşlər Nazirliyini təsis etmiş, müxtəlif vaxtlarda Məmmədhəsən Hacınski ( 28 may 1918 - 6 oktyabr 1918), Əlimərdan bəy Topçubaşov ( 6 oktyabr 1918-7 dekabr 1918), Fətəli xan Xoyski (26 dekabr 1918-14 mart 1919), Məmməd Yusif Cəfərov (14 mart 1919-22 dekabr 1919) bu quruma başçılıq etmişdilər. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Xarici İşlər Nazirliyi sistemində 239 nəfər çalışmışdır. Həmin dövrdə Xarici İşlər Nazirliyinin ən vacib vəzifəsi Azərbaycanın dövlət müstəqilliyinin Avropada tanınması və qonşu dövlətlərlə münasibətlərin tənzimlənməsi idi.

Qeyd edək ki, Milli Azərbyacan Tarixi Muzeyi Foto-neqativ materialları fondunda Fətəli xan Xoyski (İnv.14781), Əlimərdan bəy Topçubaşov (İnv.20187), Məmməd Yusif Cəfərov (İnv.12350), Məmmədhəsən Hacınskiyə (İnv.12068) məxsus foto-neqativlər qorunur.

Muzey adından Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarını peşə bayramı günü münasibətilə xarici siyasət sahəsində çalışan bütün şəxsləri təbrik edir, Azərbaycanın milli maraqlarının qorunması, ölkəmizin beynəlxalq aləmdə layiqincə təmsil olunması və xarici siyasət xəttinin müvəffəqiyyətlə həyata keçirilməsi kimi məsul və şərəfli işdə uğurlar arzulayırıq.