14 iyul 1969-cu il tarixində Heydər Əlirza oğlu Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilmişdir. Həmin gün müasir Azərbaycan tarixinin dönüş mərhələsini təşkil edən ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi böyük bir dövrün başlanğıcı oldu. 14 iyul respublikamızın tarixində dönüş günü, xalqımızın yaddaşında ən şərəfli gün kimi qalır. Azərbaycanın mədəni, iqtisadi yüksəlişində, xalqımızın rifah halının yaxşılaşdırılmasında, indiki müstəqil dövlətimizin təməlinin qoyulmasında həmin günün müstəsna rolu olmuşdur.
Həmçinin Heydər Əliyevin təşəbbüsü ilə 70-ci illərdə Azərbaycanın paytaxtında, digər şəhər və rayonlarında tanınmış mədəniyyət, ədəbiyyat və elm xadimlərinin abidələri ucaldıldı və onların ev muzeyləri yaradıldı.
Belə ki, 1975-ci il noyabr ayının 20–də KP MK-nın birinci katibi vəzifəsində çalışan Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə Bakıdakı Şamil Əzizbəyov 67 ünvanında yerləşən– dahi Azərbaycan bəstəkarı, musiqişünas, alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim Üzeyir bəy Hacıbəylinin 1915-1942-ci illər ərzində yaşadığı evdə muzey təşkil olundu və muzeyin təntənəli açılışı oldu.
Qeyd edək ki, muzeyin açılışına dair Milli Azərbaycan Tarixi Muzeyi Foto-neqativ materialları fondunda “Heydər Əliyev bəstəkar Üzeyir Hacıbəylinin ev muzeyinin açılışında” adlı (İnv.15102) foto-neqativ qorunur (Muzeyə təhvil verilmə tarixi-1976-cı il).