Dövlət Tarix Muzeyi (Moskva şəhəri), Dövlət Ermitajı və Novqorod Dövlət Ümumiləşdirilmiş Muzey Qoruğunun təşkilatçılığı ilə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində nəşr olunan “Şərqi Avropanın orta əsr numizmatikası” adlı elmi məqalələr toplusunda AMEA Milli Azərbaycan Tarixi Muzeyinin “Numizmatika və epiqrafika” elmi fond şöbəsinin böyük elmi işçisi, t.ü.f.d. Aygün Məmmədovanın “Azərbaycanın Ağsu rayonunda aşkarlanmış XV əsrə dair Kaşin pulu” adlı məqaləsi (rus dilində, N 9, Sankt Peterburq, 2021, s. 373 - 379) nəşr edilmişdir (həmmmüəllif: Rusiyalı mütəxəssis-numizmat, t.ü.f.d. Vasili Zaysev).
Məqalədə 2010-cu ildə Ağsu rayonunun “Xaraba şəhər” orta əsr şəhərində arxeoloji qazıntılar zamanı aşkarlanmış (ekspedisiya rəhbəri: t.e.d., professor Qafar Cəbiyev) Tver knyazlığının Kaşin vilayətində zərb edilmiş mis sikkə (1,77 q) barədə məlumat verilmiş, Şirvanşahlar dövlətinin ticarət əlaqələri barədə numizmatik qənaətlər təqdim edilmişdir.
Qeyd edək ki, məqalədə tədqiqata cəlb edilmiş sikkə hazırda Muzeyin Numizmatika Fondunda qorunur (NF 56062).