XƏBƏRLƏR
XƏBƏRLƏR -
Mühüm hadisələr
22 İyul, 2021
Azərbaycanda milli mətbuatın və ana dilində ilk qəzetin nəşrə başlamasından 146 il ötür

22 iyul - Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Əkinçi" qəzetinin nəşrə başladığı gün - 22 iyul Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunmağa başladı. 

Tanınmış mütəfəkkir və ictimai xadim Həsən bəy Zərdabinin doğma xalqı qarşısında ən dəyərli xidməti ilk milli mətbuat orqanı olan “Əkinçi” qəzetinin nəşri idi. Dövrün görkəmli ziyalısı Həsən bəy Zərdabinin 22 iyul 1875-ci ildə nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulmuş Azərbaycan milli mətbuatı bütün dövrlərdə həqiqət carçısı olmuş, cəmiyyəti düşündürən problemləri, dövrün mütərəqqi ideyalarını əks etdirmiş, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynayıb. Bu vacib tarixi hadisənin əhəmiyyəti olduqca böyükdür. Mətbuatımızın ilk “qaranquş”u olan bu qəzet milli şüurun, özünüdərkin təşəkkülündə rolu əvəzsizdir. İki ildən artıq bir müddətdə xeyli əzab və məşəqqətlərlə həmin nəşri təkbaşına ərsəyə gətirən cəfakeş, mətin insan- Həsən bəy Zərdabi ətrafına görkəmli yaradıcı adamları – Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Korani kimi şəxsiyyətləri toplayaraq “Əkinçi” qəzetini daha da inkişaf etdirmişdi.

Yarandığı 146 il ərzində Azərbaycan milli mətbuatı zəngin və mənalı bir inkişaf yolu keçmişdir. Azərbaycan xalqının qədim ədəbi və mədəni irsə malik olması, Şərq və Qərb sivilizasiyasının qovuşduğu məkanda formalaşmış mədəniyyəti demokratik milli mətbuatın gələcək inkişafı üçün möhkəm zəmin yaratmışdır.

Bu gün müstəqillik yolu ilə inamla irəliləyən və hərtərəfli inkişaf edən Azərbaycanda söz və mətbuat azadlığının təmin olunması istiqamətində ciddi addımlar atılır və bu sahənin inkişafı ilə bağlı bir sıra uğurlu layihələr həyata keçirilir. Söz və mətbuat cəmiyyətin və dövlətin demokratik inkişaf göstəricisi kimi qəbul olunur. Bu gün Azərbaycanda yüzlərlə mətbu orqan - qəzet və jurnal fəaliyyət göstərir.

Xatırladaq ki, 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında" sərəncam imzalamışdır və bu istiqamətdə ölkədə bir sıra tədbirlər keçirilmişdir.

Qeyd edək ki, Milli Azərbaycan Tarixi Muzeyi Sənədli mənbələrin elmi fond şöbəsində Həsən bəy Zərdabinin ömrünün son günlərində çəkilmiş fotoşəkili (İnv. 378/29, paspartu üzərində. 1907-ci il) qorunur.