Sentyabrın 1-i məşhur neft sənayeçisi, ictimai xadim, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin anım günüdür. H.Z.Tağıyev (1838-1924) XIX əsrin ikinci yarısında Azərbaycanın sosial-iqtisadi inkişafına xidmət edən onlarla sənaye müəssisələri açdırmış, minlərlə insanı sabit əməkhaqqı, iş və mənzillə təmin etmişdir. O, XX əsrin əvvəllərində Azərbaycanda qeyri-neft sektorunun yaradıcısı olmuş və iqtisadiyyatın yeni sahələrinin fəaliyyətinə rəvac vermişdi. Sağlığında “millət atası” adını qazanmış H.Z.Tağıyev xalqımızın maariflənməsi üçün təhsil müəssisələrinə yardım göstərmiş, Avropada və Rusiyada oxuyan yüzlərlə tələbənin təhsil xərcini ödəmişdir. 1901-ci ildə Bakıda, müsəlman qızları üçün Şərqdə ilk dünyəvi məktəb açdırmış, onun fəxri hamisi olmuşdur. Azərbaycanın hüdudlarından kənarda – Rusiyada, Türkiyədə, İranda, Hindistanda, Mərkəzi Asiyada və başqa yerlərdə maarifçilik işlərinə, məscid və kilsələrin tikintisinə maddi köməklik göstərmişdir.
Vaxtilə H.Z.Tağıyevin yaşadığı sarayda yerləşən Milli Azərbaycan Tarixi Muzeyində 2007-ci ildən etibarən böyük mesenatın xatirə muzeyi fəaliyyət göstərir. Hal-hazırda Milli Azərbaycan Tarixi Muzeyi ölkəmizdə H.Z.Tağıyev irsini araşdıran və onu təbliğ edən əsas elmi və mədəni mərkəzdir. Burada xeyriyyəçiyə aid əşyalar, sənədlər, fotoşəkillər qorunur, onun həyat və fəaliyyətinə dair əsərlər çap olunur.
Qeyd edək ki, ənənəyə uyğun olaraq sentyabrın 1-də Milli Azərbaycan Tarixi Muzeyində “açıq qapı” günü keçirilir və ziyarətçilər üçün giriş ödənişsizdir. Bu il “açıq qapı” günü COVİD-19 pandemiyası ilə əlaqədar tətbiq olunan xüsusi karantin rejiminin tələblərinə uyğun təşkil olunur.