Azərbaycan Silahlı Qüvvələrinin giziri, II Vətən müharibəsinin şəhidi Nağıyev Elfaq Azad oğluna məxsus materiallar Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fonduna təhvil verilib.
Qeyd edək ki, Şəhid Nağıyev Elfaq 1996-cı il dekabrın 26-da Gədəbəy rayonunun Parakənd kəndində anadan olub. 2003-cü ildə Parakənd kənd tam orta məktəbində təhsil almağa başlayıb. 2007-ci ildən Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi 307 saylı məktəbdə 5-ci sinifdən orta təhsilni davam etdirib. 2012—2016-cı illərdə Şamaxı rayonu Humanitar Kollecində "Bədən tərbiyəsi müəllimliyi" ixtisası üzrə ali təhsil alıb.
Dörd illik kollec təhsilindən sonra Elfaq Nağıyev 2016-cı ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Bir il altı ay xidmətini başa vurduqdan sonra nə oxuduğu ixtisas üzrə, nə də digər təklif olunan işlərin heç birini istəmədiyini və hərbiçi olmaq istədiyini bildirib. 2019-cu ildə istəyinə nail olub və gizirlik kursunu keçərək N saylı hərbi hissədə gizir kimi işə başladı.
Azərbaycan Ordusunun giziri Elfaq Nağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi uğrunda başlanan Vətən müharibəsi zamanı Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı, Hadrut əraziləri və bir neçə strateji yüksəkliklərin azad olunması uğrunda gedən döyüşlərdə şücaət göstərib. E.Nağıyev Hadrut qəsəbəsinə ilk olaraq bayrağımızı sancmış, düşmənın xeyli sayda canlı qüvvəsini məhv etmiş və döyüş yoldaşları arasında "Qorxmaz gizir" ləqəbi adını qazanmışdır.
Elfaq Nağıyev oktyabrın 21-də Xocavənd rayonu ərazisində gedən döyüşlərdə şəhid olub. 23 oktyabr 2020-ci ildə Gədəbəy rayonu Parakənd kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elfaq Nağıyev ölümündən sonra "Vətən uğrunda" medalı, 18.12.2020-ci il tarixli Sərəncamına əsasən "İgidliyə görə" medalı, 24.12.2020-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Qeyd edək ki, Şəhid Elfaq Nağıyevə məxsus materiallar Muzeyin Sənədli mənbələrin elmi fond şöbəsinin müdiri Esmira Rəhimova vasitəsilə Muzeyin Vətən müharibəsi fonduna təhvil verilib.
Təltifləri