Sentyabrın 10-da AMEA Milli Azərbaycan Tarixi Muzeyində, muzeyin baş direktoru, akademik Nailə Vəlixanlının bilavasitə dəstəyilə AMEA-nın gənc əməkdaşları və yaradıcı akademik heyətin təşəbbüsü ilə “Malazgirt döyüşünün 950 illik yubileyinə həsr olunmuş” elmi-praktik seminarın ikinci hissəsi baş tutdu.
Tədbirdə Malazgirt döyüşünün Azərbaycan və Türk dünyası üçün əhəmiyyəti, onun tarixi gerçəklilləri, hərbi-texnoloji aspektləri ətrafında müasir tariximiz və türk xalqlarınının birliyi mövqeyindən işıqlandırılması həyata keçirilmişdir. Seminar çərçivəsində AMEA-nın Tarix institutunun əməkdaşı, rəssam Cəmaləddin İsmayılovun Malazgirt döyüşünə və onun yubileyinə həsr olunmuş iri ölçülü batalist janrda rəsm əsəri də təqdim edilmişdir. Malazgirt döyüşündə qazanılmış tarixi zəfərin türk dünyası üçün əhəmiyyətini nəzərə alaraq, onun yubileylərinin Azərbaycanda da qeyd edilməsinin önəmi tədbirin əsas ideyasını təşkil edir. Seminarı giriş sözü ilə Nailə Vəlixanlı açdı.
Seminar Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri, t.ü.f.d., dosent Səbuhi Əhmədovun moderatorluğu ilə keçirildi. Seminarda S.Əhmədov və digər mütəxəsislərin mövzu ilə bağlı məruzələri dinlənildi. Xüsusilə Azərbaycan tarix elmini Türkiyədə uğurla təmsil edən Kastamonu Universitetinin professoru Namiq Musalının Azərbaycan və Malazgirt zəfəri adlı məruzəsi yeniliyi ilə diqqəti cəlb etdi. Tədbirdə Türkiyədən internet vasitəsilə qoşulan qonaqların və eləcə də, Azərbaycandan mövzu ilə bağlı əyani təqdimatlar ilə çıxış edən mütəxəsislərin təqdimatları dövrün ruhunun duyulması baxımından olduqca maraqlı idi. Seminarın əyani hissəsində Eltan Qədimbəylinin, İlqar Həsənəlizadənin və Cahangir Əhmədovun oxçuluq və türk yayına həsr olunmuş təqdimatları yüksək qiymətləndirildi.
Daha sonra “Malazgirt döyüşünün 950 illik yubileyinə həsr olunmuş” elmi-praktik seminar çərçivəsində döyüşə həsr olunmuş rəsmin və “Şuşa qələbəsinə” həsr olunmuş əsərlərin nümayişi, muzeyin Avropa zalında sərgilənən “Nizami dövrü ekspozisiyası” qonaqlara əhatəli təqdim edildi. “Malazgirt zəfəri” rəsmi özünün bədii tərtibatı və kreativliyi baxımından xüsusi olaraq qeyd edildi.
Qeyd edək ki, bu seminarlar Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) –Milli Azərbaycan Tarixi Muzeyi, A.A. Bakıxanov adına Tarix institutu, Çölçü İctimai Birliyi və Türkiye Universitetleri Mezunları" İctimai Birliyi (TUMİB) tərəfindən dəstəklənmişdir.