2020-ci il sentyabrın 27-dən Ermənistanın Respublikasının ölkəmizə qarşı başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi ilə işğal altında olmuş torpaqlarımızın azad edilməsi uğrunda Vətən müharibəsi başladı. Bu mübarizədə igidlik göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə xidmət edən mülki insanlarımız, ümumilikdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik nümayiş etdirdi. O yumruq ki, düşmənə sarsıdıcı zərbələr endirdi. Müzəffər Azərbaycan Ordusunun zəfərə doğru irəlilədiyini görən düşmən təxribatlara əl ataraq, günahsız sivil insanları hədəfə alaraq cinayətlər törətdi.
Vətən müharibəsində Silahlı Qüvvələrimizin 3000-ə yaxın hərbi qulluqçusu həlak olmuş, yüzdən artıq hərbi qulluqçumuz itkin düşmüş, min nəfərdən artıq hərbi qulluqçumuz müharibədə yaralanaraq sağlamlığını itirmişdir.
Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, canlarını fəda etmiş bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır.
Xatırladaq ki, AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fondunda II Vətən müharibəsi şəhidlərimizin materialları qorunur. Hal-hazırda həmin materialların bir qismi “Anadır arzulara hər zaman Qarabağ” adlı sərgidə nümayiş olunur.