27 sentyabr- Anım günü ilə əlaqədar Milli Azərbaycan Tarixi Muzeyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin qarşılıqlı əməkdaşlığı ilə muzeydə “Şəhidlər ölməz Vətən bölünməz ” adlı tədbir keçirildi.
Tədbirdə Komitənin əməkdaşları, müxtəlif təhsil müəsissələrinin şagirdləri və muzey əməkdaşları iştirak etmişlər.
Tədbiri açan muzeyin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin kiçik elmi işçisi Zülfiyyə Cəlilova ziyarətçiləri salamladı. Tədbir iştirakçıları vətən yolunda şəhid olan fədailərimizi bir dəqiqəlik sükutla ehtiramla yad etdilər. Tədbirin əhəmiyyəti haqqında məlumat verildikdən sonra bədii hissəyə yer verildi. Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının şagirdləri “Xudayar təsnifi”ni və Bəstəkarı Üzeyir Hacıbəyovun Ev-Muzeyinin direktoru Sərdar Fərəcov olan “Qarabağ” əsərini ifa etdilər.
Bədii hissədən sonra tədbir iştirakçıları muzeydə nümayiş olunan “Anadır arzulara hər zaman Qarabağ” adlı sərgini ziyarət etdilər. Muzeyin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin elmi işçisi Ləman Musayeva II Vətən müharibəsi zamanı Ermənistanın Azərbaycana təcavüz tarixi haqqında ətraflı məlumat verdi. L.Musayeva öz çıxışında “Vətən müharibəsi cəbhəboyu bölgələrdə yaşayan uşaqların esselərində” layihəsindən bəhs edərək, həmin uşaqların xatirələrinin gələcək nəsillərə çatdırılmasının əhəmiyyətindən bəhs etdi.
Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin əməkdaşı Günel Nağdəliyeva, Suraxanı rayonu 285 saylı tam orta məktəbin VI sinif şagirdi Jalə Muradlı, Şəhid polkovnik-leytenant Anar Əliyevin qızı Nigar Əliyeva və şəhid Azər Əliyevin yaxın qohumu Polad Əliyev çıxış etdilər.
İştirakçıların təsirli çıxışlarından sonra muzey əməkdaşları tədbir iştirakçıları ilə birlikdə xatirə fotosu çəkdirdilər.