Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, Qubadlı uğrunda gedən döyüşlərdə şəhid olan qəhrəmanlarımızdan biri də Azərbaycan Silahlı Qüvvələrinin mayoru, II Vətən müharibəsi şəhidi Zeynalov Müseyib Saleh oğludur.
Müseyib Zeynalov 1978-ci il yanvarın 27-də Salyan şəhərində anadan olub. 1984-cü ildə Aşıq Pənah adına 1 saylı tam orta məktəbin rus bölməsinə qəbul olunmuşdur. 1992-ci ildə C. Naxçıvanski adına Hərbi Liseyə daxil olmuş və 1996-cı ildə oranı bitirərək hərbi təhsilini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində davam etdirmişdir.
2000-ci ildə hərbi məktəbi uğurla başa vuraraq leytenant hərbi rütbəsinə layiq görülmüşdür. 2000-2003-cü illərdə Gəncə şəhərində və Murovdağ ərazisindəki hərbi hissələrdə taqım komandiri vəzifəsində xidmət etmişdir. M.Zeynalov 2003-cü ildən 2014-cü ilədək H.Əliyev adına AAHM-də taqım komandiri, bölük komandiri, taborun tərbiyə işləri üzrə müavini və müəllim vəzifələrində çalışaraq Azərbaycan ordusunda minlərlə zabitlərin yetişdirilməsi üçün böyük rolu olmuşdur.
Müseyib Zeynalov 2016-cı ilin Aprel döyüşlərində iştirak etmiş, 2020-ci ilin sentyabrın 27-də II Vətən müharibəsi başlayanda könüllü olaraq döyüşlərə qatılmışdır. Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlmişdir.
Qeyd edək ki, şəhid Müseyib Zeynalova məxsus şəxsi əşyalar Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fondunda mühafizə olunur.
Təltifləri
- (26.06.2008) — "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı
- (26.06.2010) — "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı
- (26.06.2013) — "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı
- (26.06.2015) — "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı
- (26.06.2018) — "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı
- (26.06.2020) — "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı
- (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
- (24.12.2020) — "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra)
- (29.12.2020) — "Qubadlının azad olunmasına görə" medalı (ölümündən sonra)