Bu günlərdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji kolleksiyasına yeni maddi nümunələr daxil olub. Həmin nümunələr 21 noyabr 2021-ci il tarixində Neftçala yaxınlığında Xəzər dənizi sahilindən balıqçılar tərəfindən təsadüfən tapılıb. Bu təsadüfi tapıntıları isə daimi mühafizə üçün muzeyə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, f.ü.e.d. Mahirə Hüseynova təhvil verib. Təhvil alınmış bu materiallar saxsı məmulatı olub, həndəsi və nəbati təsvirli şirli boşqab və onların oturacaq fraqmentlərindən, çıraqlardan və saya mətbəx qablarından ibarətdir.
Ümumilikdə, arxeoloji kolleksiyaya 16 ədəd saxsı nümunə daxil olub. Onların dövrlərinə gəldikdə, bu artefaktlar XI-XIII əsrlərə aid edilir. Bu tapıntılar təmsil etdikləri dövrün dulusçuluğu və məişətilə yanaşı, onları yaratmış insanların bədii zövqü haqqında da müəyyən təsəvvürlər yaradır. Onu da əlavə edək ki, bu tapıntıların oxşar nümunələrinə Azərbaycan Tarixi Muzeyinin nəzdində Viktor Kvaçidzenin rəhbərliyi altında 1968-1987-ci illərdə fəaliyyət göstərmiş sualtı arxeoloji ekspedisiyanın kolleksiyasında rast gəlmək mümkündür.
Ümid etmək olar ki, haqqında bəhs etdiyimiz həmin tapıntılar yeni qurulacaq daimi ekspozisiyada öz layiqli yerini tapacaq.