XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
07 Yanvar, 2013
Əziz Əliyevə məxsus xəncər Milli Azərbaycan Tarixi Muzeyində

Əziz ƏliyevMilli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasında XX əsr görkəmli Azərbaycan siyasi xadimi Əziz Məmmədkərim oğlu Əliyevə (1897-1962) məxsus bir sıra eksponatlar qorunur. Onlar sırasında tarixi əşya olması ilə bərabər nadir sənət əsəri sayılan xəncər xüsusi yer tutur. Hazırda Muzeyin Silahlar və Bayraqlar Fondunda qorunan xəncər polad tiyə, qızıl, gümüş, qarasavat və sümüklə bəzədilən dəstəkdən ibarətdir.


 

Tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhmədovun aradırmaları göstərmişdir ki, Dağıstan ustalarının yüksək peşəkarlığının nümunəsi olan xəncər Əziz Əliyevə 1945-ci ildə Dağıstan xalqı adından faşızm üzərində qələbə münasibətilə hədiyyə olunmuşdur. Xatırladaq ki, 1942-1949-cu illərdə Dağıstana rəhbərlik etmiş Əziz Əliyev burada yerli əhaliyə qarşı həyata keçirilən siyasi repressiyalara son qoymuş, dağıstanlılardan ibarət milli hərbi hissələrin təşkil olunmasına, yerli hakimiyyət orqanlarına dağıstanlıların  təyin edilməsinə nail olmuşdur. Əziz Əliyevin sayəsində dağıstanlılar bir çox digər xalqlar kimi sürgün olunmamışlar. Təsadüfi deyil ki, 2007-ci ildə Əziz Əliyevin 110 illiyi münasibətilə Dağıstanda keçirilən yubiley tədbirlərində Dağıstan Respublikasının Prezidenti Muxu Əliyev demişdir: “Əziz Məmmədkərimoviçin adı Dağıstana xidmətlər göstərmiş parlaq siyasi və ictimai xadimlərin sırasında ən layiqli yerlərdən birini tutur.”

Onu da qeyd edək ki, Muzeyin fondlarında Əziz Əliyevə məxsus təltif nişanları və sənədlər qorunmaqdadır.

Əziz Əliyevə məxsus xəncər