30 noyabr 2021-ci il tarixində B.B.Qorodovikov adına Kalmıkiya Dövlət Universitetinin təşkilatçılığı ilə keçirilən “Şəbəkə şərqşünaslığı: Şərq dünyası və dünyada Şərq” V Beynəlxalq Elmi Forumu keçirilmişdir.
Forumda Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika fondunun müdiri, t.ü.f.d. Aygün Məmmədova “Nizami və müasirlərinin mədhiyyəçilik fəlsəfəsi və numizmatikası” mövzusunda məruzə ilə çıxış etmişdir (həmmüəllif: fəlsəfə üzrə elmlər doktoru, dosent Ələddin Məlikov). Rus dilində təqdim edilən məruzədə muzeyin Numizmatika fondunda qorunan Azərbaycan atabəyləri (Şəmsəddin Eldəniz, Muhəmməd Cahan Pəhləvan, Qızıl Arslan) və şirvanşah-Kəsranilər (III Manuçöhr, I Əhsitan) dövrünün sikkələri barədə məlumat verilmişdir.
Həmçinin məruzədə XII - XIII əsrlərin Azərbaycan sikkələrində olan yazıların (dövrün hökmdarlarını tərif edən ifadələrin, onların titullarının) həm də dövrün şairlərinin (Muizzi, Ənvəri, Əbul Əla, Xaqani, Nizami) fəlsəfi dünyagörüşündə əks edildiyi vurğulanmışdır.
Nəticədə Nizami və müasirlərinin mədhiyyəçilik fəlsəfəsi və numizmatikasının Şərq dünyasındakı mövqeyi və müasir dövrümüzdəki tədqiqinin vacibliyi bir daha qeyd edilmişdir.
Məruzəçi ona ünvanlanan sualları cavablandırmışdır. Elmi forumun məruzələrinin nəşri nəzərdə tutulmuşdur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.azhistorymuseum.gov.az/ saytına istinad zəruridir.