2007-ci il 8 dekabr "Dünya Xalqları Sənəti" Beynəlxalq Assosiasiyasının tərəfindən təsis edilən Beynəlxalq Rəssamlar Günü kimi qeyd edilir.
Qeyd edək ki, AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Fotoneqativ fondunda Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə aid fotoneqativ qorunur.
1920-ci ildə Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanov və Xalq Maarifi Komissarlığının sədri Dadaş Bünyadzadənin təşəbbüsü ilə Bakıda Azad Rəssamlıq Emalatxanalarının əsasında Azərbaycan Dövlət Rəssamlıq Studiyası yaradıldı və tezliklə ali rəssamlıq məktəbinə çevrildi. 1924-cü ildə bu məktəbin tələbələrinin ilk buraxılışı oldu. 1920-ci illərin əvvəllərində rəssamlıq məktəbində yerli kadrlar az olduğu üçün rus realist rəssam və müəllimləri bu məktəbdə dərs demişlər. S.Samorodov, A.Koşeçkin, S.A.Qorçakov və başqaları belə sənətkardan olmuşlar. 1923-cü ildə məktəbdə təsviri sənət şöbəsi açılır. Bu şöbədə əsasən qızlar çoxluq təşkil edirdi. 1924-1936-cı illərdə Rəssamlıq məktəbinin tələbələri ilk yaradıcılıq sərgilərini təşkil edirlər. Yeni kadrlar yetişdikcə onların gələcək inkişafına düzgün istiqamət və qayğı daha da artır. Bu sahədə O. Xalıqov, S. Salamzadə və xüsusi ilə Əzim Əzimzadənin xidmətlərini qeyd etmək lazımdır. Əzim Əzimzadə Rəssamlıq məktəbində tələbələrin yaradıcılığına, yerli rəssam və kadrların inkişafına hərtərəfli yardım göstərirdi. Əzim Əzimzadə 1937 – 1943-cü illərdə Rəssamlıq məktəbinin direktoru olmuşdur. O çox istedadlı qrafik, rəssam – satirik, gözəl müəllim və “Molla Nəsrəddin” jurnalının tərtibatçılarından biri idi.
1938- ci ildə Rəssamlıq məktəbinin adı dəyişilərək “Azərbaycan Dövlər Rəssamlıq məktəbi” adlandı və həmin ildə burada heykəltəraşlıq şöbəsi də açıldı. 1940 -cı ildə rəssamlıq məktəbinin 20 illik yubileyi keçirilir və burada B.Maratlı, K.Xanlarov, Q.Səlimxanov, H.Məmmədov, Q.Seyfullayev kimi gənc rəsamlar iştirak edirdilər. 1930 – 1940 – cı illərdə rəssamlıq məktəbi istedadlı rəssam və heykəltəraşlar yetişdirmişdir. Həmçinin M.Abdullayev, T.Tağıyev, L.Feyzullayev, B.Mirzəzadə, F.Əbdürəhmanov, Ö.Eldarov, C.Qaryağdı, Ş.Quliyev, V.Səmədova kimi korifey rəssam müəllimləri xüsusi ilə qeyd etmək lazımdır.
Böyük Vətən Müharibəsi illərində rəssamlardan bir qrupu cəbhəyə getmiş və çoxusu geri qayıtmamışdır. Onların içərisində Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin də adını şərəflə çekə bilərik. Müharibədən sonrakı illərdə rəssamlıq məktəbi inkişaf etdikcə onun yeni şöbələri açılır. Burada artıq Bədii tərtibat, Qrafika, Teart rəssamlığı, Bədii parça, Nəqqaşlıq, Xalça şöbələri fəaliyyət göstərməyə başlayır. 1970 – 1980 – cı illərin ali təhsilli rəssamları həmin şöbələrdə yeni kadrlar hazırlamaq üçün pedaqoji fəaliyyətə başlayırlar. T.Salahov, M.Nurhüseyn, K.Ramazanov, M.Xəlilov, Ş.Əliverdova, R.Əsədullayev, A.Əsgərov, Ə.Tağıyev N.Əhmədova belə sənətkarlardandır.
13 iyun 2000-ci ildə dahi ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası yaradılan zaman məktəb İncəsənət Kolleci adı ilə həmin Akademiyanın tabeliyinə verilmişdir. Bu Kollec öz fəaliyyətində keçmiş ənənələrə əsaslanaraq geniş dünya görüşünə malik, bilikli, savadlı gənc rəssam kadrları yetişdirməkdə öz qarşısına məqsəd qoymuşdur. Burada ixtisas fənnləri ilə yanaşı tələbələrə tarix, ədəbiyyat, rəsmxətt, kimya, fizika, xarici dillər, hərbi vətənpərvərlik və idman dərsi də tədris olunur.
Rəssamların gözləri ilə tarixə nəzər salaraq, dünyamızın nə qədər gözəl olduğunu anlayırıq.
Fotoneqativin Milli Azərbaycan Tarixi Muzeyinə təhvil verilmə tarixi- 1957-ci il.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.azhistorymuseum.gov.az/ saytına istinad zəruridir.