XƏBƏRLƏR
XƏBƏRLƏR -
Mühüm hadisələr
09 Dekabr, 2021
Aktyor Lütfəli Abdullayevin ölümündən 48 il ötür

Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr və Hədiyyələr və xatirə əşyaları fondlarında Azərbaycan aktyoru Lütfəli Abdullayevə məxsus materiallar qorunur.

Azərbaycan SSR xalq artisti (1960), Azərbaycan Dövlət Musiqili Komediya Teatrının yaradıcılarından biri, milli xalq oyun-tamaşalarının gülüş estetikasını bacarıq və həssaslıqla mənimsəmiş Lütfəli Abdullayevin ölümündən 48 il ötür.

Lütfəli Abdullayev 1914-cü il 22 martda Nuxa şəhərində (indiki Şəki) doğulub. Şəkidə yeddillik məktəbi bitirib. Bir neçə ay Şəki fəhlə gənclər klubunun dram dərnəyində çalışıb. Burada kiçik məsxərələrdə və vodevillərdə oynayıb.

1928-ci ilin sentyabrında Bakıya gələn Lütfəli Abdullayev Dövlət konservatoriyasının valtorna sinfinin məşğələlərində iştirak etməyə başlamışdır. Vokal sənətinə marağı olduğuna görə paralel olaraq Berolskinin kursunda ifaçılıqla məşğul olmuş, səsinin oxu ölçü-quruluşunu cilalayıb müəyyən qəlibə salmışdır. Dərslərinin gedişatını müəyyən yönə salıb sistemləşdirdikdən sonra yaşının azlığına baxmayaraq, müsabiqə ilə opera teatrının xor heyətinə qəbul olunub. Tezliklə o, yardımçı aktyor kimi sözsüz və epizodik rollarda, qısa vaxtdan sonra "Arşın mal alan" operettasında Vəli rolunda oynayıb. 

Qeyd edək ki, Lütfəli Abdullayevin Vəli rolunda oynadığı "Arşın mal alan" filmində (1945) istifadə etdiyi papaq hal-hazırda Milli Azərbaycan Tarixi Muzeyinin Hədiyyələr və xatirə əşyaları fondunda qorunur.

1938-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrı yarananda Lütfəli Abdullayev truppaya qəbul edilib. Teatr 1949-cu ilin yazında maliyyə çətinliyi ilə bağlı fəaliyyətini dayandırmalı olanda Lütfəli Abdullayev Milli Dram Teatrına keçib. Burada Tulio ("Rəqs müəllimi", Lope de Veqa), Rəşid ("Kimdir müqəssir?", Georgi Mdivani), Tağı ("Köhnə dudman", Əbdürrəhim bəy Haqverdiyev), Oddamdı ("Od gəlini", Cəfər Cabbarlı), Nadir ("Çiçəklənən arzular", Məmmədhüseyin Təhmasib) rollarında çıxış edib. İki ildən sonra o, Azərbaycan Dövlət Filarmoniyasının nəzdində estrada ansamblı kimi çıxış edən muzkomediya truppasında işləməyə başlayıb. 1956-cı ildə Şəmsi Bədəlbəylinin bədii rəhbərliyi ilə Azərbaycan Musiqili Komediya Teatrı fəaliyyətini bərpa etdi. Lütfəli Abdullayev ən populyar tamaşalarda rollar oynayaraq teatrın aparıcı aktyoru oldu.

Lütfəli Abdullayevin yaradıcılıq uğurlarına və Musiqili Komediya Teatrının inkişafındakı xidmətlərinə görə ona 17 iyun 1943-cü ildə Azərbaycan SSR əməkdar artisti və 24 may 1960-cı ildə xalq artisti fəxri adı verilib.

Xalqın sevimli aktyorlarından olan Lütfəli Abdullayev 9 dekabr 1973-cü ildə Bakıda vəfat edib. Məzarı ikinci Fəxri xiyabandadır. 

Muzeyin Sənədli mənbələr fondunda Lütfəli Abdullayevin tamaşaların səhnə parçalarının məzmununu ərəb əlifbası ilə köçürdüyü dəftəri və bir çox təltifləri, fotoşəkilləri qorunur.