XƏBƏRLƏR
XƏBƏRLƏR -
Mühüm hadisələr
15 Dekabr, 2021
Muzeydə rəssam Səttar Bəhlulzadəyə aid materiallar qorunur

Bu gün Azərbaycan rəssamlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1960), Azərbaycan SSR xalq rəssamı (1963), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1972) Səttar Bəhlul oğlu Bəhlulzadənin doğum günündən 112 il ötür.

Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr fondunda və Təsviri materiallar fondunda Səttar Bəhlulzadəyə aid materiallar qorunur. Təsviri materiallar fondunda qorunan təqdim olunmuş rəsm əsəri vaxtilə Bakı şəhəri, Bülbülə qəsəbəsi 140 N-li məktəbə dəvət olunmuş Səttdar Bəhlulzadəyə hədiyyə edilmişdir. Həmçinin muzeyin Fotoneqativ fondunda S.Bəhlulzadəyə aid fotoneqativlər və Köməkçi tarixi fənn materialları fondunda rəssamın rəsm əsərləri əks olunmuş poçt markaları qorunur.

Səttar Bəhlulzadə 15 dekabr 1909-cu ildə Bakının Əmircan kəndində anadan olub. 1927-ci ildə rəssamlıq məktəbinə, 1931-ci ildə Azərbaycan Rəssamlıq Məktəbinə, 1933-cü ildə isə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutuna daxil olub, 1941-ci ildə həmin institutu bitirib. Məşhur rəssamlar- V.A.Favorskinin və M.Şaqalın tələbəsi olub. Yaradıcılığa "Kommunist" qəzetində Əzim Əzimzadənin rəhbərliyi ilə başlayıb. 1931–1933-cü illərdə o dövrə uyğun məzmunlu ilk karikaturaları çap edilib. Səttar Bəhlulzadə iki "Qırmızı Əmək Bayrağı" ordeni və müxtəlif medallarla təltif olunmuşdur. Əsərləri Azərbaycan Milli İncəsənət Muzeyində, Müasir İncəsənət Muzeyində və Azərbaycan Dövlət Şəkil Qalereyasında, eləcə də Moskva və s. şəhərlərin muzeylərində saxlanılır. Bəhlulzadə 14 oktyabr 1974-cü ildə Moskvada vəfat etmişdir. Əmircan kəndində dəfn olunmuş, qəbri üstündə ona abidə ucaldılmışdır.

Səttar Bəhlulzadə bütün ömrünü sənətə həsr etmiş nadir sənətkarlardandır. Yaradıcılığı boyu Azərbaycan təbiətini, doğma Vətənin gözəlliklərini əsərlərində tərənnüm edən rəssam dünya incəsənət xəzinəsini biri birindən gözəl rəsmlərlə zənginləşdirmişdir.

S.Bəhlulzadənin yaradıcılığında tarixi mövzular və tarixi şəxsiyyətlərin təsviri ("Babək üsyanı", "Fətəli xan", "Xəttat Mir Əli" və s.) əsas yer tutmuşdu. Müharibədən sonrakı illərdə Bəhlulzadə Abşeronun neft mədənlərini, bağ və kəndlərini təsvir edən rəsmlər yaratmışdır. Bəhlulzadənin yaradıcılığında təbiət təsvirlərinə meyl getdikcə güclənmiş, o, mənzərə janrında daha bitkin əsərlər yaratmağa başlamışdır.

"Mən ilham və natura ardınca Qogen kimi baş götürüb Taiti adasına getmirəm və bunu başqalarına da məsləhət görməzdim. Çünki doğma xalqın həyatı, Vətən torpağı əsl ilham mənbəyidir". Bu Səttar Bəhlulzadənin yaradıcılığını səciyyələndirən və doğma Azərbaycan torpağına sevgisini əks etdirən öz sözləridir. Bəhlulzadənin gərgin yaradıcılıq axtarışlarının məhsulu olan "Xəzər üzərində axşam", "Xəzər gözəli", "Əbədi məşəllər", "Kəpəzin göz yaşları", "Vətənimin baharı", "Azərbaycan nağılı", "Suraxanı atəşgahı" , "Əfsanəvi torpaq", "Şahnabat", "Naxçıvan", "Axşamçağı Ordubad bağlarında", "Vətənimin baharı", "Bakıda atəşfəşanlıq", "Qudyalçay vadisi", "Qızbənəfşəyə gedən yol", "Suraxanı atəşgahı","Əmircan", "Neft daşları", "Şamaxı üzümlükləri" və s. əsərləri əsas yer tutur.

1946–1947-ci illərdə Respublika bədii sərgilərində S.Bəhlulzadənin Abşeron etüdləri ("Buzovna neft mədənləri", "Əmircan" və s.) nümayiş etdirilmişdir.

Tanınmış rəssamın fərdi sərgiləri Əlcəzair, Misir, Livan, Suriya, Tunis, Norveç, Çexoslovakiya, Bolqarıstan, İraq, Kuba, Kanada, Belçika, Fransa, Yaponiya və.s. ölkələrdə nümayiş etdirilmişdir. Dünyanın onlarla muzeylərində Səttar Bəhlulzadənin əsərləri daimi eksponatlar sırasındadır.