XƏBƏRLƏR
XƏBƏRLƏR -
Mühüm hadisələr
21 Dekabr, 2021
Akademik Ziya Bünyadovun anadan olmasından 98 il ötür

Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr və Fotoneqativ fondlarında görkəmli şərqşünas Ziya Bünyadovun çoxşaxəli fəaliyyətini, elmi yaradıcılığını ehtiva edən kolleksiya qorunur. Buraya 1970-1990-ci illərə aid dörd fotoşəkil və elmi fəaliyyəti ilə baglı bir yazısı daxildir. Həmçinin muzeyin Fotoneqativ fondunda Z.Bünyadovun 1945-ci ildə çəkilmiş fotoneqativi qorunur. Şəkillərdə Ziya Bünyadovu uzun illər çalışdığı və rəhbərlik etdiyi AMEA Şərqşünaslıq İnstitutunun əməkdaşları ilə, Ziya Bünyadov kitab rəflərinin yanında, institutun Elmi Şurasının üzvləri ilə birlikdə görürük. Elmi Şuranın 1996-cı ilə aid fotoşəklində Milli Azərbaycan Tarixi Muzeyinin hazırkı direktoru, akademik Nailə Vəlixanlı, mərhum şərqşünas, akademik Vasim Məmmədəliyev, Tarix İnstitutunun o vaxtkı direktor müavini, müxbir üzv Mahmud İsmayılov və başqaları təsvir edilmişdir.

Bakıda 18-cı Qırmızı Ordu Muzeyinin açılışında çəkilən şəkildə Ziya Bünyadov AKP MK-nın 1-ci katibi Heydər Əliyev və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri Qurban Xəlilovla bir sıradadır. Orta əsr Azərbaycan tarixinin həqiqətlərini üzə çıxaran Z.Bünyadovun 1970-ci illərdə rus dilində yazdığı “Tənqidçilərimə və opponentlərimə cavab” yazısı da fondda yer alır. Yazıda erməni alimlərinin tutarsız tənqidlərinə elmi dildə cavab verilib.

Bu gün Sovet İttifaqı Qəhrəmanı, akademik, SSRİ və Azərbaycan şərqşünası, tarixçi, Dövlət Mükafatı Laureatı və əməkdar elm xadimi Ziya Musa oğlu Bünyadovun (1923-1997) anadan olmasından 98 il ötür. Ziya Bünyadov 1923-cü il dekabr ayının 21-də Astara şəhərində anadan olmuşdur. 1939-cu ildə orta məktəbi bitirdikdən sonra Bakı Ali Birləşmiş Komandirlər Məktəbində təhsilini davam etdirmişdir. Z.Bünyadov İkinci Dünya müharibəsi dövründə vuruşaraq Berlinədək şərəfli döyüş yolu keçmişdir. 1945-ci il fevralın 27-də “Sovet İttifaqı Qəhrəmanı” adı verilmişdir. Z.Bünyadov ordudan tərxis olduqdan sonra, 1946-cı ildə Moskva Şərqşünaslıq İnstitutuna daxil olmuş, 1950-ci ildə həmin institutun aspiranturasına qəbul edilmişdir. Sonra o, Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunda elmi araşdırmalarını davam etdirmişdir. O , Xilafət və Azərbaycanın VII-XIII əsrlər tarixinin tədqiqatçılarından biri olmuşdur.1964-cü ildən Yaxın və Orta Şərq Xalqları İnstitutunda Orta əsrlər tarixi şöbəsinin rəhbəri olmuş, tarix elmləri doktoru elmi dərəcəsi, 1965-ci ildə isə professor elmi rütbəsinə layıq görülmüşdür. 1967-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1973-cü ildə həqiqi üzvü seçilmişdir. O, dünyanın bir sıra alimlərinin əsərlərini ingilis, ərəb, rus və türk dillərindən tərcümə etmişdir. Görkəmli alim həyatının son illərində Tacəddin əs- Salmaninin “Tarixnamə”, V.V.Bartoldun “Xəzəryanı vilayətlərin müsəlman aləmində yeri” əsərlərini tərcümə etmişdir. Z.Bünayadovun ən yaddaqalan töhfələrindən biri də akademik Vasim Məmmədəliyevlə birgə müqəddəs “Qurani-Kərim”i Azərbaycan dilinə tərcümə etməsi olmuşdur. Ziya Bünyadov “Qırmızı Bayraq”, “Aleksandr Nevski”, “2-ci dərəcəli vətən müharibəsi”, “Qırmızı Ulduz” ordenləri və medallarla təltif edilmişdir. 1980-cı ildə Dövlət mükafatına layiq görülmüş, Berlin şəhərinin Pankov rayonunun (Almaniya), Urgənc (Özbəkistan), Astara və Göyçay şəhərlərinin fəxri vətəndaşı seçilmişdir. Akademik Ziya Bünyadov 1997-ci il fevral ayının 21-də vəhşiçəsinə qətlə yetirilmişdir.