XƏBƏRLƏR
XƏBƏRLƏR -
Mühüm hadisələr
27 Dekabr, 2021
Antik dövrdə maddi və mənəvi mədəniyyət: dulusçuluq

Azərbaycan Respublikası ərazisində aparılmış arxeoloji qazıntılar antik dövrün çoxsaylı maddi-mənəvi mədəniyyət nümunələrini aşkar etmişdir. Bu nümunələrin tədqiqi yerli sənətkar dulusçuların istehsal etdikləri çoxlu məişət, təsərrüfat, ibadət əşyaları və sənətkarlıq məmulatı arasında yüksək səviyyəli ustalığı nümayiş etdirən müxtəlif formalı, zəngin və rəngarəng bədii keramikanın (kuzə, güldan, bardaq, nimçə piyalə, möhtər və s.) üstünlük təşkil etdiyini göstərir. Bunların içində mücərrəd ornamentlə bəzədilmiş zoomorf və antropomorf qabların çoxluğu həmin qabların tarixi Azərbaycan ərazisinin həm cənub, həm də şimal bölgələrində istehsalının geniş yayıldığını təsdiq edir.

Azərbaycan arxeoloqlarının Qəbələ, İsmayıllı, Şamaxı, Lerik, Mingəçevir və başqa yerlərdə aparılan qazıntılar nəticəsində aşkar etdikləri saxsı məmulatı bu sənət sahəsinin bədii və texnoloji xüsusiyyətləri ilə yanaşı dövrün insanlarının bədii estetik zövqü və mənəvi dünyası haqqında da müəyyən təsəvvür yaratmaq imkanı verir. Mücərrəd ornamentlə bəzədilmiş bu tip qablara xüsusi düzəlmiş qulp, qapaq, ayaqcıqlar və ya başqa lazımlı elementlər əlavə etməklə və ya qabın özünü müəyyən heyvan fiquruna bənzətməklə usta çox maraqlı görkəmə malik bədii keramika nümunəsi yarada bilirdi. Belə maraqlı saxsı nümunələrindən birini də 2012-ci ildə arxeoloq Ceyhun Eminli Lerik rayonunun Pibostəpə nekropolunda aşkar etmişdir. Təqdim olunan material Milli Azərbaycan Tarixi Muzeyinin Arexeologiya fondunda qorunur. Öküz (və ya qaban) başı formasında olan riton tipli bu qabın saxsısı qırmızımtıl rəngdə, gövdəsi ovalvaridir. Qabın ön hissəsinin ortasında mayenin axması üçün dəlik açılmışdır, yuxarısında isə çıxıntılar şəklində gözlər, qulaqlar və buynuzlar yapılmışdır. Boğazlı ağzı və qulpları vardır. Hündürlüyü 17,5 sm, ağız diametri 5,6 sm, oturacaq diametri 3,5 sm olan bu ritonun səthi başdan-başa basma nöqtələrlə naxışlanmışdır.

Əhalinin dünyagörüşünü kifayət qədər dəqiq əks etdirə bilən bu cür qabların xüsusi mərasimlərdə istifadə edildiyini güman etmək olar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.azhistorymuseum.gov.az saytına istinad zəruridir.