Milli Azərbaycan Tarixi Muzeyində “20 Yanvar–Ümumxalq Hüzn Günü”nün 32-ci ildönümü ilə əlaqədar "20 Yanvar- sarsılmaz milli birliyin simvolu" adlı tədbir keçirildi.
Tədbirin aparıcısı Muzeyin Beynəlxalq əlaqələr və ictimaiyyətlə iş şöbəsinin baş mütəxəssisi Zümrüd İsmayılova idi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirlməsi ilə başladı və Azərbaycanın ərazi bütövlüyü və azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan Milli Azərbaycan Tarixi Muzeyinin icraçı direktoru t.ü.f.d., dosent Fərhad Cabbarov çıxış etdi. F.Cabbarov 20 yanvar faciəsini bir daha yad edərək onun yaranma səbəbləri, bu qanlı hadisənin tariximizdə buraxdığı izlər və nəticələri barədə məlumat verdi. Bildirdi ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı ən qəddar cinayətlərdən biri baş verib. Azərbaycan xalqının qürur mücəssəməsinə çevrilən 20 Yanvar hadisələrindən 32 il ötür. 20 Yanvar tariximizə təkcə faciə kimi yox, həm də mübarizlik, qəhrəmanlıq günü kimi daxil olub. Həmin gün xalqımızın ürəyində illərlə qalmış azadlıq, müstəqillik eşqinin oyanış günüdür. Azərbaycan xalqı 20 Yanvarda hərbi, siyasi və mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirdi. Dünya bir daha Azərbaycan xalqının mübarizə əzminin təntənəsini, heç şübhəsiz, 44 günlük Vətən müharibəsi zamanı da gördü. Zəfər yürüşünü əzmlə və şücaətlə davam etdirən rəşadətli Ordumuz təxribatçı və işğalçı Ermənistanın silahlı qüvvələrinə sarsıdıcı zərbələr endirdi, torpaqlarımızı işğaldan azad etdi. Əlbəttə, Vətən müharibəsi çoxəsrlik dövlətçilik tariximizin şanlı qürur səhifəsidir.
Daha sonra “Böyük Qayıdış” Gənclər Təşkilatının icraçı direktoru Nail Şükürov çıxış etdi. N.Şükürov çıxışında gənclərin vətənpərvər ruhda yetişdirilməsinin vacibliyini vurğulayaraq, qeyd etdi ki, ən yeni tariximizin şərəfli səhifələrindən biri sayılan bu faciə xalqımızın azadlıq, demokratiya və suverenlik uğrunda apardığı mübarizənin dönməzliyini bütün dünyaya nümayiş etdirdi, milli azadlıq hərəkatının müstəqilliyə doğru irəliləməsində ciddi dönüş nöqtəsi oldu.
Tədbirdə həmçinin Vətən müharibəsi qaziləri də iştirak edirdi. Onlardan 20 Yanvar şahidi olmuş, Vətən müharibəsi qazisi, baş leytenant Səyavuş İmranov da çıxış etdi.
Tədbirin ikinci hissəsində Azərbaycan Fotoqraflar Birliyi (AFB) tərəfindən çəkilən, qanlı yanvar gecəsini əks etdirən “Faciənin fotosu” sənədli filminin nümayişi oldu. Tədbirdə çıxış edən muzeyin əməkdaşı, AFB-nin sədri Mirnaib Həsənoğlu bildirdi ki, film fotoqrafların fotoqraflar haqqında çəkdiyi bir filmdir. Burada 32 il bundan öncə qanlı yanvar gecəsi zamanı 14 fotoqrafın çəkdikləri fotolar əks olunub.
Tədbirdə həmçinin muzeyin kolleksiyasından ibarət faciəni əks etdirən kataloqlar və rəsm əsərləri nümayiş olunub.
Qeyd edək ki, tədbir Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr və ictimaiyyətlə iş şöbəsi tərəfindən təşkil olunmuşdur.