XƏBƏRLƏR
XƏBƏRLƏR -
Mühüm hadisələr
19 Yanvar, 2022
Muzeyə Vətən müharibəsinin şəhidi, baş leytenant Amin Gülməmmədovun şəxsi əşyaları daxil olub

AMEA Milli Azərbaycan Tarixi Muzeyinə Vətən müharibəsinin şəhidi Amin Mayis oğlu Gülməmmədovun şəxsi əşyaları daxil olub.

Amin Gülməmmədov 1995-ci il iyul ayının 31-də Culfa rayonunun Saltaq kəndində anadan olub. 2001-ci ildə əkiz qardaşı ilə birlikdə Saltaq kənd tam orta məktəbində təhsil almağa başlayıb. Hər zaman vətənpərvərlik mövzularında keçirilən tədbirlərdə birincilik qazanan Amin Respublika üzrə keçirilən "Cəsurlar" yarışında üçüncü yerə layiq görülüb. 2010-cu ildə Heydər Əliyev adına Hərbi liseydə təhsil almış, 2013-cü ildə Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olmuşdur. Xidməti dövründə bir çox diploma layiq görülmüşdür. 2017-ci ildə AAHM-i bitirdikdən sonra leytenant hərbi rütbəsi almış, Füzuli rayonunda yerləşən N saylı hərbi hissədə xidmətə başlamışdır. 

3 il ön xətdə uğurlu xidmət etdiyi üçün 2019-cu ildə baş leytenant hərbi rütbəsi almışdır. Elə həmin il son dəfə evlərinə gəlmiş və ailəsini görmüşdür.

A.Gülməmmədov 2020-ci ilin 27 sentyabrında başlamış Vətən müharibəsində Füzuli, Cəbrayıl, Qubadlı, Şuşa, Xocavənd  uğrunda gedən döyüşlərdə iştirak edib. Yaralandıqdan sonra sağalaraq, yenidən döyüşlərə qatılan Amin Gülməmmədov taqım komandiri təyin edilib.  Noyabrın 2-də Daşaltıda gedən döyüşlər zamanı yaralanıb və Xocavənddə şəhid olur.

Hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra  “Cəsur döyüşçü”, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Qeyd edək ki, şəhid Amin Gülməmmədovun şəxsi əşyaları ailəsi tərəfindən muzeyin Vətən müharibəsi fonduna muzeyin əməkdaşı Esmira Rəhimovanın vasitəsilə təhvil verilib.