Azərbaycan ərazisində 9 ballıq seysmik zonaya daxil olan Şamaxıda tarix boyu dəfələrlə güclü zəlzələlər baş vermişdir. Lakin 1902-ci il Şamaxı zəlzələsi - Azərbaycan tarixinin ən güclü, ən dəhşətli zəlzələsi hesab olunur.
1902-ci il yanvar ayının 31-də baş vermis zəlzələ nəticəsində şəhər tamamilə dağılmışdır. Təsadüfi deyil ki, o zamanın bir sıra mətbuat nümayəndələri bu təbii fəlakəti “Qiyamət günü” ilə müqayisə edərək onun dəhşətləri barədə məlumatlar dərc ediblər.
Sonrakı günlərdə fəlakətin miqyası aydınlaşdı. Zəlzələ təkcə Şamaxını yox, ətraf 125 kəndi də əhatə edirdi. Məlumatlara görə, 1902-ci ildəki zəlzələ zamanı şəhərin 2 min nəfərdən artıq sakini həlak olmuş, minlərlə insan yaralanmış, 20 min nəfərədək əhali evsiz-eşiksiz qalmış, 4 min yaşayış evi, 8 qədim məscid, iki kilsə, 10-dan artıq mədrəsə, 40 qədim Şərq hamamı, onlarla ticarət obyekti, bazar-dükan dağılaraq yerlə yeksan olmuşdur. Şəhərdə zəlzələ sonrası böyük panika yaşanmış, əhali qorxu içərisində qaçmağa başlamışdır.
Şəhərdəki 5 min evdən 4 mini tamamilə dağılmış, Şamaxı qəzasında yerləşən 126 kənddə 3 mindən çox ev, 40 məscid və çoxlu təsərrüfat tikililəri uçmuşdur.
Daha əvvəl - 1806, 1859 və 1872-ci illərdə də şəhər zəlzələdən dağılmış, hər dəfə yenidən tikilmişdi. 1859-cu il zəlzələsindən sonra Şamaxı quberniya paytaxtı statusunu itirmiş, paytaxtı Bakı olmaqla Bakı quberniyası yaradılmışdır.
Zəlzələdən sonra hökumət rəsmiləri əhaliyə yardım etmək üçün əraziyə gəlmişdilər. Bütün bu faktlar ötən əsrin əvvəllərində Sankt-Peterburq şəhərində çap olunan “Niva” adlı dərginin 97-ci sayında rəsmən öz təsdiqini tapmışdır. Hazırda həmin dərginin zəlzələ ilə bağlı səhifələri Şamaxı Diyarşünaslıq Muzeyində saxlanmaqdadır.
Zəlzələdən 5 gün sonra - fevralın 5-də “Kaspi” qəzeti yazırdı: “Şəhərin aşağı və orta hissəsi, yəni, tatarlar yaşayan hissələr torpaqla bir olub. Bütün tikililər minlərlə adamı udmuş xarabalıqlara dönüb. Hər şey - məktəblər, məscidlər, o cümlədən əvvəlki zəlzələlərə tab gətirməyi bacarmış Cümə məscidi, hamamlar, birmərtəbəli və ikimərtəbəli evlər, varlıların və yoxsulların evləri - hamısı zəlzələyə qurban gedib. 12 hamamın xarabaları altında çoxlu qadın qalıb. Yanvarın 31-i cümə axşamı günüydü və həmin gün hamamlarda qadınların yuyunmaq növbəsi idi... Rus-tatar məktəbi uçub. Şamaxının yuxarı hissəsi - erməni məhəlləsi də dağılıb və cəmisi 30-40 ev salamat qalıb. Pravoslav kilsəsi, kazarmalar, xəzinədarlıq binası dağılıb, türmə və qəza idarəsinin binası zədələnib. Bu hissədə küçələr enli olduğundan ölənlər azdır. 30 erməninin və 200 müsəlmanın cəsədləri çıxarılıb. Hesablamalara görə, uçqunların altında hələ 2 min adam qalmaqdadır.”
Birinci hadisə yerinə Qafqaz dağlıq idarəsinin tapşırığı üzrə mədən mühəndisi Şahqulu Mirzə gəldi. Onun apardığı araşdırmaların nəticələrinə əsasən ilk yazılar 1902-ci ildə nəşr olundu, 1903-cü ildə zəlzələ haqqında yazılan kitab işıq üzü gördü.
Baş verən böyük dağıntıların və qurbanların iki səbəbi təyin edildi. Birinci səbəb Şamaxının çox hissəsinin zəif qruntlar üzərində, yəni yumşaq, su ilə təmin edilmiş torpaqlarda yerləşməsi, ikinci səbəb şəhərdəki tikinti işlərinin pis aparılması idi.
Qeyd edək ki, Milli Azərbaycan Tarixi Muzeyinin zəngin bölmələrindən olan Foto-neqativ və Sənədli Mənbələr fondlarında Şamaxıda baş vermiş zəlzələyə aid fotoşəkillər mühafizə olunur.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.