XƏBƏRLƏR
XƏBƏRLƏR -
Elmi tədbirlər
01 Fevral, 2022
Muzeydə Tarix-Diyarşünaslıq muzeylərinin Vətən müharibəsi mövzusunda seminarı keçirilib

Milli Azərbaycan Tarixi Muzeyinin “Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi” şöbəsinin təşkilatçılığı ilə ilboyu keçirilməsi nəzərdə tutulan  seminarlar silsiləsinin ilk onlayn seminarı baş tutdu. Seminar 5 yanvar 2022-ci il tarixli “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı” əsasında keçirildi.

Tədbir Respublika Tarix-Diyarşünaslıq muzeylərinin direktorlarının, Qarabağ məktəblərinin direktor və müəllim heyətinin iştirakı ilə Vətən Müharibəsi mövzusunda məktəblilərlə görülən fəaliyyətə həsr olunmuşdur. Şuşa şəhəri Qarabağın mərkəzi, Azərbaycan Respublikasının mədəniyyət paytaxtı olduğu üçün bu seminarda qonaq qismində 37 Tarix – Diyarşünaslıq muzeyinin direktorları içərisində Üzeyir Hacıbəyov adına Şuşa Ev-Muzeyinin direktoru Nəsibə Eyvazova da iştirak etmişdir. Seminarda həmçinin Hərb Tarixi Muzeyinin “Hərb tarixi” şöbəsinin rəisi, t.ü.f.d. Gülşən Hüseynova da iştirak edib.

Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin müdiri, t.e.d. Nərgiz Əliyeva Seminar iştirakçılarını  muzeyin baş direktoru, akademik Nailə Vəlixanlının adından salamladı. O, yeni yaranmış bu şöbənin ilk uğurlarından qısa məlumat verərək, seminar iştirakçılarını qarşılıqlı əməkdaşlığa dəvət etdi və seminar iştirakçılarına uğurlar arzuladı.

Daha sonra şöbənin elmi işçisi Ləman Musayeva Vətən müharibəsinə şahid olan uşaqların xatirələrinin əhəmiyyətindən və muzeyin bu sahədə gördüyü işlər barədə çıxış etdi. Foto-slayd müşaiyəti ilə çıxış edən L.Musayeva muzeydə nümayiş olunan “Anadır arzulara hər zaman Qarabağ” adlı sərgisi, yeni yaradılmış Vətən Müharibəsi fondu, Qarabağla bağlı dərc olunmuş muzeyin nəşrləri haqqında ətraflı məlumat verdi. Həmçinin qeyd etdi ki, Milli Azərbaycan Tarixi Muzeyi mütamadi olaraq Tarix-Diyarşünaslıq muzeyləri və həmin bölgələrin məktəbləri ilə birgə maarifləndirici istiqamətdə işlər görür. Çıxışının sonunda L.Musayeva Muzeydə keçirilməsi planlaşdırılan “Qarabağın tarixi – mədəni irsi” adlı Respublika elmi konfransı barədə də tədbir iştirakçılarını məlumatlandırdı.

Sonra Muzeyin Vətən Müharibəsi fondunun müdiri Şəfa Mövsümov fondun yaranma tarixindən, fəaliyyətindən bəhs etdi. Gənc tədqiqatçı Ş.Mövsümov qeyd edib ki, şəhidlərimizin hərbi formaları, fəxri fərmanları, təşəkkürnamələri, orden və medalları, eləcə də şəxsi əşyaları onların yaxınları tərəfindən muzeyə təhvil verilib. Materiallar arasında şəhidlərimizin döyüş yoluna aid fotoları da diqqəti cəlb edir. İndiyədək 250 şəhidə aid materialların fonda daxil edildiyini qeyd edən Fond müdiri ümumilikdə 2 mindən çox materialın inventarlaşdırıldığını vurğuladı. Həmçinin Ş.Mövsümlü bildirdi ki, fond materialları əsasında gələcəkdə sənədli filmlərin və televiziya verilişlərinin çəkilişi də mümkün olacaq. Ş.Mövsümov tədbir iştirakçılarına Tarix-Diyarşünaslıq muzeylərində Vətən müharibəsinə aid fondların, güşələrin yaradılması istiqamətində öz tövsiyyələrini verərərək, həmin muzeylərə bu istiqamətdə ehtiyac ola biləcək təmənnasız köməyini də təklif etdi.

Mövzu ətrafında yaranmış müzakirələrdə Mingəçevir Tarix Muzeyinin direktoru Nofəl Məmmədəliyev, Füzuli şəhər 1 saylı tam orta məktəbin direktoru Rafiq Səfərov və Beyləqan, Bərdə, Laçın, Kəlbəcər, Xocalı, Cəbrayıl, Xaçmaz, Daşkəsən, Quba Tarix-Diyarşünaslıq muzeylərinin direktorlarının Vətən müharibəsi mövzusunda muzey-məktəb əlaqələri haqqında məlumatları böyük maraqla qarşılandı. Quba Tarix-Diyarşünaslıq muzeyində yenicə işə götürülmüş elmi işçi Mehriban xanımın çıxışı seminar iştirakçılarını çox kövrəltməklə yanaşı, həm də qürurlandırdı. Belə ki, Vətən Müharibəsi şəhidi Əliyev Rəvan Yusif oğlunun anası Mehriban Yusifqızı çalışdığı muzeydə görülən işlərdən danışdı və Almaniyanın Nürinberq şəhərində Türk-İslam Muzeyində Qubadan olan şəhidlərin də təbliği işlərinin aparılması məqsədi ilə hazırlıq işlərinin yekunlaşdığını qeyd etdi.

Sonda seminar iştirakçıları tərəfindən qərara alındı ki, Tarix-Diyarşünaslıq muzeylərinin bu cür onlayn seminarları mütəmadi olaraq davam etsin, çünki muzey-məktəb əlaqələrinin intensivləşdirilməsi gənc nəslin milli ruhunun formalaşmasına yönəlmiş bir sərmayə və ən böyük kapitaldır!

Qeyd edək ki, Milli Azərbaycan Tarixi Muzeyinin təşkil etdiyi bu onlayn seminarda Respublika Tarix-Diyarşünaslıq muzeylərindən ilk dəfə Naxçıvan Tarix Muzeyinin və Ordubad Tarix-Diyarşünaslıq Muzeyinin direktorları da iştirak etmişdir.