XƏBƏRLƏR
XƏBƏRLƏR -
Mühüm hadisələr
04 Fevral, 2022
Bu gün görkəmli bəstəkar və müğənni, Xalq artisti Polad Bülbüloğlunun doğum günüdür

Bu gün- 4 fevral Azərbaycan bəstəkarı və müğənnisi, Azərbaycanın sabiq mədəniyyət naziri (1988–2006), Azərbaycan SSR xalq artisti (1982), Türkmənistanın xalq artisti (2017), Dağıstan Respublikasının əməkdar incəsənət xadimi, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun doğum günüdür.

Polad Bülbüloğlu 4 fevral 1945-ci ildə Bakı şəhərində dünya şöhrətli müğənni, SSRİ Xalq artisti, professor Bülbülün ailəsində dünyaya göz açıb. 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının Bəstəkarlıq fakültəsini (Qara Qarayevin sinfi) bitirib. Azərbaycan estrada ifaçılığı sənətini xarici ölkələrdə yüksək səviyyədə dəfələrlə təmsil edən müğənni beynəlxalq festivallarda diplom və mükafatlara layiq görülüb. 1975-ci ildə təşkil etdiyi Azərbaycan estrada ansamblı, “Aşıqlar” vokal-instrumental ansamblı ilə birgə müxtəlif ölkələrdə uğurla çıxış edib. Geniş yaradıcılıq diapazonuna malik olan bəstəkar öz istedadını musiqinin müxtəlif janrlarında sınayaraq balet, instrumental, vokal, simfonik,  kinofilmlərə, dram tamaşalarına musiqi, mahnı və romanslar yaradıb.

Bəstəkarın “Kitabi-Dədə Qorqud” eposunun motivləri əsasında yaratdığı “Eşq və Ölüm” baleti ilk dəfə 2005-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Vyana Balet Akademiyasının professoru, baletmeyster Vakil Usmanov tərəfindən səhnəyə qoyulub. Həmin ildə Akademik bu tamaşanı Opera və Balet Teatrının balet truppası ilə Sankt-Peterburqda Mariinsk Teatrında, daha sonra Moskvada Böyük Teatrın səhnəsində nümayiş etdirib. Bənzərsiz ifası ilə estrada sənətimizi zənginləşdirən Polad Bülbüloğlu həmçinin populyar bəstələrin müəllifidir. Onun “Gəl, ey səhər”, “Doğma diyar”, “Durnalar”, “Bayatılar”, “Bakı”, “Məni gözlə”, “Bənövşələr” və digər nəğmələri Azərbaycan estrada mahnı irsinin parlaq nümunələri kimi bu gün də sevilir. Polad Bülbüloğlu 1988-ci ildən 2006-cı ilədək Azərbaycan Respublikasının Mədəniyyət naziri vəzifələrində çalışıb. 2006-cı ildən ölkəmizin Rusiyada fövqəladə və səlahiyyətli səfiridir.

Görkəmli sənətkarın Azərbaycan mədəniyyətinin inkişafında xidmətləri yüksək qiymətləndirilib. O, 1973-cü ildə “Əməkdar incəsənət xadimi”, 1982-ci ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb, 2005-ci ildə “İstiqlal”, 2015-ci ildə “Şərəf” ordenləri ilə təltif edilib. Həmçinin yaratdığı "Məhəbbət və ölüm" baletinin Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində tamaşaya qoyulması ilə mədəniyyətimizə verdiyi sanballı töhfəyə, ölkəmizin imici üçün göstərdiyi səylərdə mənəviyyat və vətənpərvərlik nəzər nöqtəsindən çıxış etdiyinə görə Polad Bülbüloğlu Azərbaycanda "2009-cu İlin Adamı" elan edilmişdir.

Prezident İlham Əliyevin 3 fevral 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli ictimai-siyasi fəaliyyətinə görə Polad Bülbüloğlu Azərbaycanın ən ali ordeni olan "Heydər Əliyev" ordeni ilə təltif edilib.

Qeyd edək ki, 1967-ci ildə çəkilmiş foto-neqativ AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Foto-neqativ materiallar fondunda (muzeyə təqdim olunma tarixi: 1973-cü il) qorunur.