AMEA Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbçilərin, Milli Qəhrəmanların xatirəsi həmişə əziz tutulub. Şəhidlərin muzeydə qorunan şəxsi əşyaları daima mühafizə olunur və ekspozisiyada, sərgilərdə nümayiş olunur. Belə Milli Qəhrəmanlardan biri də Mübariz İbrahimovdur. Muzeyin Sənədli Mənbələr fondunda və Hədiyyələr və Xatirə Əşyaları fondunda M.İbrahimova aid materiallar mühafizə olunur. Bu kolleksiyaya 2 ədəd fotoşəkil; 2 ədəd qeyd dəftərçəsi: Xüsusi təyinatlı dəstənin üzvü olaraq xüsusi taktiki hazırlıq qeyd dəftəri (əlyazma), “Əsgərlik həyatı” adlı qeyd dəftəri (yazdığı şeirlər və əl ilə çəkdiyi şəkillər); M.İbrahimova həsr olunmuş iki kitab (Azər Hacıbəyli. “Addım at!” (poema). Bakı, 2016, 156 səh.; Miraslan Bəkirli. “Mübariz” (roman). Bakı, 2015, 304 səh.) daxildir.
Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun doğum günündən 34 il ötür. O, 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 1994-2005-ci illərdə şəhid Malik Piriyev adına Əliabad kənd orta məktəbində təhsil almışdır. M.İbrahimov Boks idman növü ilə də məşğul olmağı sevirdi (istifadə etdiyi boks əlcəkləri və qum torbası muzeyin Hədiyyələr və Xatirə Əşyaları fondunda qorunur).
2005-ci ildə orta təhsilini başa vurduqdan sonra, M.İbrahimov hərbi xidmətə çağrılmışdır. Hərbi xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirmişdir. Hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub. Ardınca mülki işlərdə çalışmış, 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətini davam etdirmişdir. Bir müddət sonra öz istəyi ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlamışdır.
18 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçib, 5 saat erməni hərbçiləri ilə təkbətək döyüşüb. Onların çox sayda əsgər və zabitini məhv etsə də, qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olub. Həmin il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sərəncamına əsasən Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı" adı (ölümündən sonra) verilmişdir.
Muzeydə Milli Qəhrəmanlarımızın materiallarının qorunub saxlanması, nümayiş olunması gənc nəsildə vətənpərvərlik duyğularının gücləndirilməsi baxımından əhəmiyyətlidir və bu ideyalar daim təbliğ olunur.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.