2021-ci ilin yanvar ayından Milli Azərbaycan Tarixi Muzeyinin Vətən Müharibəsi fondu üçün toplanan 2000-dən çox materiallar içərisində igid qəhrəmanımız Elvin İslamovun da şəxsi əşyaları yer alır.
Bu gün-18 fevral şəhid Elvin Elçin oğlu İslamovun doğum günündən 27 il ötür. Əslən Xızıdan olan E.İslamov 18 fevral 1995-ci ildə Bakı şəhərində anadan olmuşdur. Orta təhsilini Bakı şəhəri 158 saylı orta məktəbdə almış E.İslamov, həmin məktəbi bitirdikdən sonra 2013–2014-cü illərdə Xocavənd rayonunda hərbi xidmətdə olmuşdur. O, əsgərliyini başa vurduqdan sonra Bakı şəhərində Dövlət Bayrağı Meydanında mühafizəçi işləmişdir.
Azərbaycan Silahlı Qüvvələrinin giziri Elvin İslamov 21 sentyabr 2020-ci il tarixində hərbi təlimlərə qatılmışdır. O, bir həftə təlim keçdikdən sonra 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. E.İslamov 9 oktyabr 2020-ci il tarixində Füzuli rayonunun azad olunması uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Oktyabrın 29-da şəhidin nəşi döyüş zonasından çıxarılaraq, ailəsinə təhvil verilmişdir. 2020-ci ilin dekabrında Bakının Yasamal rayonunda ölümündən sonra Elvin İslamovun adını əbədiləşdirmək məqsədilə şəhid bulağı tikilmişdir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Elvin İslamov ölümündən sonra medallarla təltif edilib.
Təltifləri
- (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
- (24.12.2020) — "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra)
- (25.12.2020) — "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra)
- (25.12.2020) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)