28 fevral 2022-ci il tarixində Özbəkistan Elmlər Akademiyası nəzdindəki Özbəkistan Tarixi Dövlət Muzeyinin təşkilatçılığı ilə “XXI əsrdə muzeyşünaslıq: tədqiqatlar, ənənələr və innovasiyalar” mövzusunda beynəlxalq konfrans (onlayn formatda) keçirilmişdir.
Konfransda AMEA Milli Azərbaycan Tarixi Muzeyinin “İnnovasiyalar və təhsil proqramları” şöbəsinin müdiri Fəridə Şəmsi “Pandemiya dövründə muzeylərin işinin xüsusiyyətləri” adlı məruzə ilə çıxış edib. Məruzədə pandemiya dövründə Milli Azərbaycan Tarixi Muzeyinin auditoriya ilə işinin yeni üsullarının tətbiqinə xüsusi diqqət yetirilib, muzeylərin işinə pandemiyanın təsirləri haqqında məlumat verilib.
Həmçinin muzeyin Numizmatika Fondunun müdiri, t.ü.f.d. Aygün Məmmədova “Samanilər dövründə Özbəkistanda zərb edilən sikkələr (Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyası əsasında)”, Arxeologiya Elmi Fond şöbəsinin elmi işçisi Emin Məmmədov “Milli Azərbaycan Tarixi Muzeyinin fondlarında qorunan maddi-mədəniyyət abidələri Azərbaycan tarixinin öyrənilməsində önəmli vasitədir” (həmmüəllif: Arxeologiya elmi fond şöbəsinin elmi işçisi, t.ü.f.d. Laçın Mustafayev) mövzusunda məruzələrlə çıxış etmişlər.
Konfrans materiallarının nəşri nəzərdə tutulmuşdur.