Bu gün, 5 aprel 2022-ci il tarixində Milli Azərbaycan Tarixi Muzeyində “Aprel döyüşlərinin əhəmiyyəti və Azərbaycanın zəfər tarixində yeri” adlı elmi-praktiki seminar keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbir iştirakçıları ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Tədbiri giriş sözü ilə açan muzeyin icraçı direktoru, t.ü.f.d., dosent Fərhad Cabbarov qonaqları salamladıqdan sonra Aprel döyüşləri haqqında məlumat verdi. F.Cabbarov qeyd etdi ki, böyük zəfərin başlanğıcı sayılan, Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan şanlı Aprel döyüşlərindən 6 il ötür. Bu zəfər Azərbaycan əsgərinin qələbə əzminin yüksək olduğunu nümayiş etdirdi, dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini, vətənpərvərliyini bir daha sübut etdi.
Sonra Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə “2016-cı ilin Aprel zəfəri - Böyük Qayıdışın başlanğıcı” adlı məruzə ilə çıxış etdi. Qeyd olunan müharibədə iştirak edən zabit heyəti və döyüş texnikası haqqında məlumat verdi.
Sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyininin hərbi qulluqçusu, polkovnik leytenant, Aprel döyüşlərin iştirakçısı İlham Hüseynov çıxış etdi.
Elmi məruzələr və xatirə çıxışları olmaqla 2 hissəyə bölünmüş seminar Muzeyin Vətən Müharibəsi Fondunun müdiri Şəfa Mövsümovun “2016-cı il Aprel döyüşçülərinin materialları Vətən Müharibəsi Fondunda” adlı məruzəsi ilə davam etdi.
Daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin aprel döyüşlərində iştirak etmiş zabit və qazi müəllimləri- mayor Manafov Ağabala və mayor Nürəddinov Anar öz məruzələrində bu döyüşlərin Azərbaycanın hərb tarixində əhəmiyyətini vurğuladılar və öz çıxışlarını müvafiq foto-slaydla təqdim etdilər.
Məruzələr dinlənildikdən sonra Aprel döyüşlərinə animasiya filmi həsr etmiş baş prodüser və senarist Natiq Novruzov filmin yaranma ideyası haqqında çıxış etdi. O, filmin ordumuzun cəbhədə göstərdiyi uğurlarından ilham alaraq, ərsəyə gəlməsi haqda məlumatı iştirakçılarla paylaşdı.
Sonra şəhid-general Polad Həşimovun anası Səmayə xanım və şəhid kapitan Füzuli Əliyevin anası Fərasət xanım şəhid anaları adından çıxış etdilər.
Sonda tədbirdə iştirak etmiş tələbələrin sualları ətraflı cavablandırıldı və xatirə fotosu çəkildi.
Tədbir yekunlaşdıqdan sonra seminar təşkilatçıları və muzeyin Qadınlar Şurasının üzvləri II Fəxri Xiyabanda şəhidlərin məzarını ziyarət etdilər.