Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 noyabr 2016-cı il tarixli Sərəncamı ilə hər il may ayının 5-i Azərbaycan Respublikasında “Xalçaçı günü” peşə bayramı kimi qeyd edilir.
Azərbaycan mədəniyyətini dünyaya tanıdan, şöhrəti dillər əzbəri olan, dünyanın məşhur şedevrlərində əks olunan xalça sənətimizin yaşı minilləri ötməkdədir. Mədəniyyətimizin bu möcüzəsi diyar-diyar gəzərək evlər, saraylar bəzəyinə çevrilmiş, məşhur səyyahların əsərlərində, qədim rəssamların miniatürlərində öz əksini tapmışdır. Azərbaycan xalçasının bu gün də geniş çeşiddə istifadəsi ilə yanaşı, qədim nümunələrinə dünyanın bütün muzeylərində rast gəlmək olar. Yundan, ipəkdən və digər saplardan toxunan xalçalarımıza qız-gəlinlərimiz təbiətimizin əsrarəngiz gözəlliklərini naxışlara çevirərək həkk etmişlər.
Bu sənət illər, qərinələr ötsə də nəsilbənəsil yaşadılaraq ötürülmüş və daha da təkmilləşərək hər bölgənin özünəməxsus xalça sənəti formalaşmışdır. Azərbaycanda sənətşünas, xalçaçı rəssam Lətif Kərimov Azərbaycan xalçasını 4 qrupa aid edirdi: Quba-Şirvan, Gəncə-Qazax, Qarabağ və Təbriz xalçası.
Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunda xalqımızın məişətində istifadə olunan toxuculuğun ən ibtidai növlərindən həsir, çətən, keçə və s., daha mürəkkəb xovsuz, xovlu xalçaların sayı 700-ü keçməkdədir. Fondda həmçinin Əfqanıstan, İran, İraq, Türkmənistan, Tacikistan, Özbəkistan, Almaniya, Rusiya Federasiyasının Kabardin-Balkar və Dağıstan Respublikaları, Moldova, Rumıniya, Belorusiya, Mali Respublikası və d. dövlətlərin rəsmi heyətləri tərəfindən hədiyyə kimi qəbul edilmiş xalçalar da mühafizə edilir. Bu xalçalar haqqında muzeyin Etnoqrafiya elmi fond şöbəsində mütəmadi olaraq məqalə və kataloqlar hazırlanmaqdadır. Buna misal olaraq, t.ü.f.d., dosent G.Abdulovanın 2013-cü ildə tərtib etdiyi “Qarabağ xalçaları” və elə həmin ildə s.ü.f.d. X.Əsədovanın tərtib etdiyi “Bakı, Şirvan, Quba xalçaları” kataloqunu göstərmək olar.
Milli Azərbaycan Tarixi Muzeyinin Bərpa laboratoriyasında isə xalça üzrə bərpaçı rəssamlarımız Qənirə Məmmədova və Gülnarə Məmmədova fəaliyyət göstərərək, bərpaya ehtiyacı olan qədim xalçalarımıza yeni həyat verməkdədirlər.