XƏBƏRLƏR
XƏBƏRLƏR -
Beynəlxalq əlaqələr
13 May, 2022
Muzeydə 18 may – Beynəlxalq Muzeylər Gününə həsr olunmuş “Muzeyin SABAH-ı” layihəsi çərçivəsində tədbir keçiriləcək

Bu il 18 May Beynəlxalq Muzeylər Günü “Muzeylərin gücü (Muzeylər ətrafımızdakı dünyanı dəyişmək gücünə malikdir)” devizi altında keçiriləcək.

Bu gün Milli Azərbaycan Tarixi Muzeyi müasir cəmiyyətin siyasi, sosial və mədəni həyatında fəal iştirakı ilə öz rolunu əhəmiyyətli dərəcədə yüksəldir. Eyni zamanda “Muzey içində muzey” olan Hacı Zeynalabdin Tağıyevin ev-muzeyi də özünəməxsus həm xarici, həm də daxili memarlıq üslubu ilə yaradıcı insanlar üçün ilham mənbəyi olur.

18 may 2022-ci il tarixində Beynəlxalq Muzeylər Günü ilə əlaqədar Beynəlxalq Muzeylər Şurasının (ICOM) icma ilə işləmək təklifini əsas tutaraq, mədəni-maarif və elmi-tədqiqat mərkəzi olan Milli Azərbaycan Tarixi Muzeyində “Muzeyin SABAH-ı” adlı layihə çərçivəsində tədbir keçirilməsi nəzərdə tutulur.

Layihənin iştirakçıları Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “SABAH” qruplarının müxtəlif sənət ixtisaslarıı üzrə təhsil alan və təhsildə göstəriciləri ilə fərqlənən tələbələridir.

Layihənin məqsədi tələbələrin muzeyin kolleksiyası və binanın möhtəşəm interyerindən ilhamlanaraq öz potensiallarını nümayiş etdirmələri üçün şərait yaratmaq, onların mənəvi zövqünün formalaşmasında önəmli rol oynamaq və muzeyin yaradıcı gənclərlə (icma ilə) əməkdaşlığını genişləndirməkdir.

Layihənin təsviri: İştirakçılar həmin gün ərzində canlı şəkildə muzeyin müəyyən olunmuş zallarında ixtisaslarına uyğun olaraq təsviri incəsənət sahələri üzrə əl işlərini hazırlayacaqlar. Beynəlxalq Muzeylər Günü muzeyin ziyarətçiləri yaradıcılıq prosesinin əvvəldən sona qədər şahidi olacaqlar.


 

Tarix: 18 may 2022

Vaxt: 14:00

Ünvan: Bakı ş., Hacı Zeynalabdin Tağıyev küç. 4