Türkiyənin Ankara şəhərində Hacettepe Universiteti ve İKSAD İnstitutu tərəfindən "Anadan olmasının 141-ci ildönümündə Atatürk" adlı II Beynəlxalq Simpozium keçirilib. Simpozium 19 May - "Atatürkü Anma, Gənclik və İdman Günü" bayramı münasibətilə təşkil edilib.
MuzeyinAzərbaycan Tarixinin Elmi Tədqiqi və Təqdimi şöbəsinin əməkdaşı, t.ü.f.d. Əli Fərhadov simpoziumda "M.Ə.Rəsulzadə və M.K.Atatürk: Türk dünyasında dünyəviliyə baxış" adlı məruzə ilə çıxış edib. Məruzəçi qeyd edib ki, XX əsrin əvvəlində M.Ə.Rəsulzadə və komandasının mübarizəsi nəticəsində Azərbaycanda dünyəvi, demokratik dövlət - Xalq Cümhuriyyəti qurulsa da, Rusiya işğalı buna son qoydu. Türkiyədə isə M.K.Atatürk məhv olmaqda olan teokratik Osmanlı imperiyasının yerində demokratik və dünyəvi dövlət - Türkiyə Cümhuriyyətini qura bildi. Məruzəçi qeyd edib ki, Atatük ölkəni dini cəhalətin, monarxiya bataqlığının içində məhv olmaqdan xilas etdi. XX əsrin sonunda isə SSRİ-nin süqutu nəticəsində Azərbaycan xalqı öz milli azadlığına qovuşa bildi, cümhuriyyət ideyalarına əsaslanan demokratik, dünyəvi dövlət quruculuğu başladı.
Simpozium materiallarının nəşr edilməsi nəzərdə tutulub.