XƏBƏRLƏR
XƏBƏRLƏR -
Beynəlxalq əlaqələr
23 May, 2022
Ağdamda keçirilən "V. Həmzə Nigari" Beynəlxalq Simpoziumunda muzey əməkdaşları iştirak ediblər

Ağdam rayonunun Quzanlı qəsəbəsində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Türkiyə Cümhuriyyəti Amasiya Universiteti və Ağdam rayonu İcra hakimiyyətinin təşkilatçılığı ilə 2022-ci il "Şuşa ili"nə həsr edilmiş V Beynəlxalq “Həmzə Nigari” Simpoziumu keçirilib.

Beynəlxalq simpoziumun keçirilməsində əsas məqsəd Həmzə Nigarinin fikir dünyası və həyatı ilə yanaşı, türk və islam dünyası araşdırmalarını dəyərləndirməkdir.

Simpoziumda Ağdam rayonu İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Milli məclisin deputatı Qənirə Paşayeva və nümayəndə heyyəti, yerli və xarici qonaqlar- Azərbaycan, Türkiyə, İtaliya, İran, Rusiya, Qazaxıstan, Özbəkistan, Şimali Makedoniya kimi ölkələrdən 200-dən çox alim və tədqiqatçı iştirak ediblər.

Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya elmi fond şöbəsinin elmi işçisi, t.ü.f.d., dosent Həbibə Əliyeva "Şirvanda islam təriqət tikililərindən günümüzə çatan örnəklər”  və “Ağdamda imarət kompleksinin epiqrafik və qəbirüstü abidələri”, Etnoqrafiya elmi fond şöbəsinin elmi işçisi Aygün Quliyeva “Şeyx Şaban piri və onun saxtalaşdırılmış tarixi”, İnnovasiyalar və Təhsil Proqramları şöbəsinin elmi işçisi Sahibə Ələkbərova “İşğaldan azad edilmiş rayon muzeylərinin vəziyyətinə dair” adlı məruzələri ilə çıxış ediblər. Məruzəçilərin çıxışları iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Sonda simpozium iştirakçıları sertifikatla təltif olunub. Tədbir yekunlaşdıqdan sonra qonaqlar Ağdam rayonunun işğaldan azad edilmiş ərazilərini ziyarət ediblər.