Azərbaycan xalqının taleyində böyük əhəmiyyət kəsb edən günlərdən biri tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür.
1993-cü ildə həm Ermənistanın torpaqlarımıza qarşı işğalı davam edirdi, həm də Azərbaycanda vətəndaş müharibəsi təhlükəsi yaranmışdı. Getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu göstərirdi. Ölkədə yaranmış bu ağır vəziyyətdən çıxmaq üçün bir qrup ziyalı Naxçıvana gedərək Heydər Əliyevi Bakıya – hakimiyyətə dəvət etdi. Xalqın əksəriyyətinin xahişi ilə Heydər Əliyev 1993-cü il iyun ayının 15-də Azərbaycan parlamentinin sədri seçildi. Bununla da ölkədə güclü dövlət quruculuğu prosesi başlandı. Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı. Ermənistanla davam edən müharibədə atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salındı. Nəticədə 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olundu. Heydər Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan stabil inkişaf dövrünə qədəm qoydu. 1997-ci ildən parlamentin qəbul etdiyi qərarla 15 iyun tarixi Milli Qurtuluş Günü kimi qeyd olunur.
Ulu Öndərin ən böyük arzusu Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması idi. Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin uzaqgörən siyasəti, düşünülmüş islahatları nəticəsində 2020-ci ildə Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Ordumuz 44 günlük Vətən müharibəsi nəticəsində işğal altında olan torpaqlarımızı azad etdi, işğalçı ordu məğlub oldu. Milli Qurtuluş Günü kimi bu Qələbə də tariximizə qızıl hərflərlə yazıldı.
Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasında milli qurtuluşumuzun banisi, dünya şöhrətli lider, Ulu Öndər Heydər Əliyevin təsvir olunduğu fotomateriallar mühafizə olunur. Onlardan biri 23 mart 1996-cı il tarixində Azərbaycan Tarixi Muzeyinin Şərq zalında təşkil edilmiş rəsmi ziyafətdə çəkilmişdir (fotomateriallar muzeyin Fotoneqativ Materialları fondunda qorunur). Qeyd edək ki, həmin ziyafət Pakistan İslam Respublikasının milli günü münasibətilə Pakistanın Bakıdakı səfirliyi tərəfindən təşkil olunmuşdur.