Ümummilli lider Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının sosial inkişafı sahəsində tibb işçilərinin böyük xidmətləri və Azərbaycan Xalq Cümhuriyyətinin ilk Səhiyyə Nazirliyinin 1918-ci il iyunun 17-də yaradılması nəzərə alınaraq iyunun 17-i Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyası Azərbaycan elminin ayrı-ayrı sahələrinə, o cümlədən tibb elmlərinə aid müxtəlif səpkili materiallarla zəngindir.
Muzeyin Sənədli Mənbələr fondunda qorunan, ölkəmizdə tibb elminin çox mühüm bölümü olan oftalmologiyanın inkişafına dair təqdim olunan materiallar nadir nümunələrdəndir.
Təqdim olunmuş fotoşəkildə Azərbaycanın görkəmli oftalmoloqu, Azərbaycan SSR əməkdar elm xadimi, tibb elmləri doktoru (1976), professor (1979), Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (1983) Zərifə Əliyeva əməliyyat otağında təsvir olunmuşdur.
Qeyd etmək lazımdr ki, Z.Əliyeva səhiyyədə kadr hazırlığına və həkimlərin ixtisasının təkmilləşdirilməsinə gərgin əmək sərf etmişdir. Onun birbaşa rəhbərliyi altında cavan alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdir.
Digər təqdim olunan fotoşəkil 1940-cı ildə çəkilmişdir. Fotoda Bakı Göz Xəstəlikləri Xəstəxanasının əməkdaşlarını görürük. Öndə müəssisənin direktoru M.Abbasov, onun solunda və sağında Azərbaycanda göz müalicəsinin təşəkkülündə misilsiz xidmətləri olan üç qadın alim – Umnisə Musabəyova, Sona Vəlixan və Sona Axundova əyləşiblər.
Tibbə dair təqdim olunan digər materiallar isə muzeyin Etnoqrafiya fondundandır. Fondda XIX əsrə aid həkim çantası, həcəmət (qan almaq üçün istifadə edilən alət), cərrahiyədə istifadə edilən tibbi bıçaq, əczaçılıq alətləri qorunub saxlanılır.
Ölkəmizin tibb tarixinin tədqiq olunması baxımından bu materiallar böyük əhəmiyyətə malikdir.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.