1918-ci il iyunun 26-da Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə – əlahiddə Azərbaycan korpusu yaradıldı. Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökumətin öz ordusunu yaratmasına hüquqi əsas verdi. 1918-ci il mayın 28-də qəbul edilmiş "İstiqlal bəyannaməsi"ndə də qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. Həmin ildə Hərb Nazirliyi təsis olundu. Azərbaycanın ilk hərbi naziri Xosrov bəy Sultanov təyin edildi. Daha sonra onu bu postda general Səməd bəy Mehmandarov əvəz etdi. General-leytenant Əliağa Şıxlinski isə nazir müavini təyin edildi.
1920-ci ilin aprelində Sovet işğalından sonra Azərbaycanın Milli Ordusu ləğv edildi. Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra isə 1991-ci il oktyabrın 9-da Azərbaycan Respublikasının Ali Soveti Milli Ordunun yaradılması haqqında qərar qəbul etdi.
Ümummilli lider Heydər Əliyev respublikaya rəhbərlik etdiyi illərdə ölkədə güclü ordu quruculuğuna başlanıldı. Ulu Öndər Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında fərman imzaladı.
Azərbaycan Respublikası Prezidentinin 22 may 1998-ci il tarixli Fərmanına əsasən isə Milli Ordunun yarandığı gün - 26 iyun tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü kimi elan edildi. Hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.
Azərbaycanda hərbi quruculuq işləri bu gün də yüksək səviyyədə inkişaf edir. Azərbaycan Respublikasının Prezidenti, silahlı qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. 2020-ci il 27 sentyabr tarixində baş vermiş Vətən Müharibəsində bütün dünya Azərbaycan ordusunun gücünü gördü. Azərbaycanın müzəffər Ali Baş Komandanının məqsədyönlü fəaliyyəti nəticəsində torpaqlarımız düşmən işğalından azad edildi.
Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir. Bu qoşun növləri potensial rəqiblə qırıcı və bombardmançı təyyarələrlə effektiv mübarizə aparmaq iqtidarındadır. MDB çərçivəsində Azərbaycan hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələrdən sayılır.
Muzeyin fondlarında Azərbaycan Milli Ordusu ilə əlaqədar dəyərli materiallar qorunur və bu eksponatlar müvafiq əlamətdar günlərlə bağlı təşkil olunmuş sərgilərdə nümayiş etdirilir.
Fotoşəkillərdə təsvir olunan materiallar:
1918-1920-ci illər ərzində Azərbaycan ordusunda istifadə edilmiş odlu və soyuq silah növləri (Silahlar və Bayraqlar fondu)
Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordunun əsgəri (Fotoneqativ Materialları fondu)
Səməd bəy Mehmandarova aid fotoşəkil (Köməkçi Materiallar fondu)
Muzeyin əməkdaşı, rəssam Əjdər Qafarovun 1992-ci ildə Qarabağ müharibəsi zamanı çəkdiyi “Azərbaycan əsgəri” adlı rəsm əsəri (Təsviri Materiallar fondu)
Muzeyin Vətən Müharibəsi fondunda Azərbaycan Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinə aid geyim nümunələri də mühafizə edilir. Onlardan biri H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin (AAHM) mərasim formasıdır. Üzərində Azərbaycan ordusu yazılmış və Silahlı Qüvvələrin simvolu təsvir edilmiş bu geyim nümunəsi 5 mart 2021-ci il tarixində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Əşya Bazası tərəfindən muzeyə təqdim edilmişdir.