“Xan qızı” adı ilə tanınan Xurşidbanu Natəvanın Milli Azərbaycan Tarixi Muzeyində qorunan əl işləri onun incə zövqə və yüksək sənətkarlıq qabiliyyətinə malik olmasının göstəriciləri kimi mühüm əhəmiyyət kəsb edir. Natəvanın şəxsi kolleksiyası muzeyin Etnoqrafiya fondunda mühafizə edilir. Güləbətin sapla tikdiyi yaxalıq, başmaq, öz dövrü üçün yeni olan “xaç” tikmə üsulu ilə bəzədiyi xurcun, qazantutan onun bu sənət sahəsindəki yüksək bacarığından xəbər verir.
Natəvanın təqdim olunan avropasayağı stildə tikdiyi ipəkdən köynəyi vaxtilə əmisi qızı Münəvvər xanıma hədiyyə etmişdir. Geyimin tikiş texnologiyası onun müəllifinin ustalığından, səriştəliyindən xəbər verir. Qeyd etmək lazımdır ki, muzeydə qorunan onlarla nimtənə biçim və tikiş üsuluna aid materiallar içərisində Natəvana məxsus olanlar digər nümunələrdən fərqlənir. Şairənin rəssamlıq qabiliyyəti bu əl işlərində də özünü göstərir.
Sözü gedən köynək hazırda bərpa və konservasiya işlərinin aparılması məqsədi ilə muzeyin Bərpa laboratoriyasına cəlb olunub. Qarabağ incilərindən olan eksponatın tarixi və mədəni əhəmiyyəti nəzərə alınaraq, bərpa və konservasiya işləri zamanı eksponatın heç bir hissəsi demontaj edilmədən aparılacaq. Belə bir üsul bərpanı yetərincə çətinləşdirsə də, Xurşidbanu Natəvanın əl işinin tam orijinallığını qoruyacaq. Bərpa və konservasiya işləri yekunlaşdıqdan sonra eksponat ictimaiyyətə təqdim ediləcək.
Eksponatın konservasiya və bərpa işləri muzeyin tekstil üzrə bərpaçı-rəssamı Nuridə Hüseynova tərəfindən icra olunur.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.