XƏBƏRLƏR
XƏBƏRLƏR -
Mühüm hadisələr
26 İyul, 2022
Vətən Müharibəsi Qəhrəmanı Saleh Həsənov şəxsi əşyalarını muzeyə təqdim edib

Azərbaycan Silahlı Qüvvələrinin mayoru Saleh Həsənov şəxsi əşyalarını (hərbi geyimi, Fəxri fərmanları, sertifikatları, diplomu, vəsiqələrinin surətləri və kompası) Milli Azərbaycan Tarixi Muzeyinə hədiyyə edib.

Saleh Valeh oğlu Həsənov Goranboy rayonunun Qızılhacılı qəsəbəsində anadan olub. S.Həsənov Şəhid Dilbazi Qasımov adına 1 saylı tam orta məktəbdə təhsil alıb. 2011-ci ildə Pakistan Xüsusi Əməliyyat Məktəbini, 2017-2018-ci illərdə Rusiya Ryazan Hava Desant Məktəbini bitirib.

Mayor S.Həsənov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Kəlbəcərin, Xocavəndin, Cəbrayılın, həmçinin Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Saleh Həsənova “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib.

Təltifləri: “Vətən Müharibəsi Qəhrəmanı” adı, “Kəlbəcərin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları, “Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)” yubiley medalı, “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medalı, “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013) ” yubiley medalı, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918–2008) ” yubiley medalı.

Qeyd edək ki, Saleh Həsənovun şəxsi əşyaları muzeyin əməkdaşı Günel Eminovanın vasitəsi ilə muzeyin Vətən Müharibəsi fonduna təhvil verilib.