Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, canlarını fəda etmiş bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si ölkəmizdə Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır.
2020-ci il sentyabrın 27-də Ermənistan Respublikası Silahlı Qüvvələrinin ölkəmizə qarşı başlayan hərbi təxribatına cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi ilə işğal altında olmuş torpaqlarımızın azad edilməsi uğrunda Vətən Müharibəsi başladı. Bu mübarizədə şücaət göstərən hərbiçilərimiz, arxa cəbhədə xidmət edən mülki insanlarımız, ümumilikdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik nümayiş etdirdi. Müzəffər Azərbaycan Ordusunun zəfərə doğru irəlilədiyini görən düşmən təxribatlara əl ataraq, günahsız sivil insanları hədəfə aldı və cinayətlər törətdi. Silahlı Qüvvələrimizin 3000-dən çox hərbi qulluqçusu şəhid oldu, min nəfərdən artıq hərbiçimiz yaralanaraq sağlamlığını itirdi.
Xatırladaq ki, Milli Azərbaycan Tarixi Muzeyinin Vətən Müharibəsi fondunda şəhidlərimizin materialları qorunur. Vətən Müharibəsi fondu 2021-ci ilin yanvar ayında Milli Azərbaycan Tarixi Muzeyinin Elmi Şurasının qərarı ilə yaradılmışdır. Fondun yaradılmasında məqsəd Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid və qazi olmuş həmvətənlərimizə məxsus geyim, xatirə əşyaları, sənədlər və fotoların toplanması, qorunması, tədqiqi və təbliğidir. Fonda Azərbaycan Respublikasının güc strukturlarının Vətən Müharibəsində istifadə etdikləri geyim və ideoloji vəsaitlər də daxil edilmişdir. Hazırda 3000-ə yaxın inventarı olan Vətən Müharibəsi Fondu yeni materialları qəbul etməkdədir. Fondda Vətən Müharibəsində iştirak etmiş əsgər və zabit, qazilərimizlə yanaşı, Azərbaycanın Milli Qəhrəmanları general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, polkovnik Şükür Həmidov və Çingiz Qurbanova məxsus əşyalar, fotolar, həmçinin, Azərbaycan ordusunun torpaqlarımızın azad edilməsi zamanı erməni hərbçilərindən hərbi qənimət kimi götürdükləri nümunələr də yer alır. Həmin materialların bir qismi muzeydə təşkil olunmuş “Anadır arzulara hər zaman Qarabağ” adlı sərgidə nümayiş olunmuşdur.
Şəhidlərimizi ehtiramla anır, onlara rəhmət diləyirik!