Misirin “əl-An” xəbər portalı, İraqın Mədəniyyət, Turizm və Abidələr Nazirliyinin mətbu orqanı “Uruk nyus”, İraqda 1869-cu ildən nəşr olunan və Jurnalist Həmkarlar İttifaqının rəsmi gündəlik “əz-Zaura” qəzeti və başqa KİV-lər Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin müdiri, t.e.d., dos. Nərgiz Əliyevanın ərəb dilində nəşr edilmiş “Azərbaycanda islam mədəniyyəti (VII-XII əsrlər)” adlı kitabı barədə yazıblar.
Məqalələrdə qeyd edilib ki, ərəbdilli oxucuların diqqətinə təqdim olunan kitabda, Azərbaycanda islam mədəniyyətinin yayılması, azərbaycanlıların islam mədəniyyətinə verdiyi töhfələr, Xilafətin mədəniyyət mərkəzləri ilə elmi-mədəni əlaqələri, Azərbaycanda müsəlman monumental tikililəri və s. haqqında ətraflı məlumat verilib.
Məqalələrdə, həmçinin, müəllifin Azərbaycan-ərəb mədəni əlaqələri, Azərbaycan tarixinin orta əsrlər dövrü ilə bağlı çoxlu sanballı əsərlərinin olduğu da qeyd edilib.