1918-ci il noyabr ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası milli bayraq haqqında qərar vermişdir. Nazirlər Şurasının sədri Fətəli Xan Xoyskinin imzaladığı həmin qərarda deyilir: “Milli bayraq kimi yaşıl, qırmızı, mavi rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan bayraq qəbul edilsin”. 1920-ci il aprelin 28-də Xalq Cümhuriyyəti süqut etdikdən və Sovet hakimiyyəti qurulduqdan sonra bu bayraqdan imtina edilmişdir. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir. Bundan sonra 1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” qanun qəbul edərək, həmin bayrağı Dövlət bayrağı elan etmişdir. 1991-ci il oktyabr ayının 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən üçrəngli Dövlət bayrağını bərpa etmişdir. 2004-cü il iyun ayının 8-də “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilmişdir.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2009-cu il noyabr ayının 17-də imzaladığı Sərəncamla hər il noyabr ayının 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir.
Xatırladaq ki, 44 günlük müharibə zamanı Azərbaycanın Ali Baş Komandanının rəhbərliyi ilə müzəffər ordumuz işğaldan azad edilmiş ərazilərimizə Azərbaycan bayrağını sancaraq, xalqımıza və bütün dünyaya torpaqlarımızın artıq hürriyətə qovuşduğunu bəyan etdilər.
Xüsusilə Şuşa şəhərinə sancılan bayraq Vətən müharibəsində “Zəfər Bayrağı” elan olundu. Şanlı hərb tariximizə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsinin “Zəfər Bayrağı” 2020-ci il dekabrın 10-da Bakıda Azadlıq Meydanında Zəfər paradında nümayiş olundu.